Moldovanın Azərbaycandakı səfiri İon Robu ilə eksklüziv müsahibə
- Moldovanın Azərbaycandakı səfirliyi qarşısında hansı prioritet vəzifələr qoyulub?
- Diplomatiyada bütün vəzifələr prioritetdir. Ən əsas və prioritet vəzifə - ölkələrimiz arasında bütün sahələrdə - iqtisadiyyat, mədəniyyət, təhsil sahələrində, iqtisadi agentlər və sadə insanlar arasında ikitərəfli qarşılıqlı əlverişli əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsidir.
Təbii ki, respublikanın müsbət imicinin irəliləməsi və iqtisadi diplomatiya diqqət mərkəzindədir.
- Siz ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlıq səviyyəsini necə qiymətləndirirsiniz və fikrinizcə, hansı sahələr daha prioritet hesab olunur?
- Ticari-iqtisadi əməkdaşlığın indiki səviyyəsi nə Moldova, nə də Azərbaycan tərəfini qane etmir. Ölkələrimiz arasında qarşılıqlı ticarətdə kiçik həcmlər qalmaqdadır.
2005-ci ildə Moldova və Azərbaycan arasında xarici ticarət dövriyyəsi cəmi 8,2 mln. ABŞ dolları təşkil edib. Çox təəssüf ki, qarşılıqlı ticarətin aşağı templəri bu il də davam edir.
İqtisadi münasibətlərin potensialından hələ kifayət qədər istifadə olunmayıb. İqtisadi əlaqələr daha fəal və tam olmalıdır.
Birgə Moldova-Azərbaycan müəssisələri, demək olar ki, yoxdur. Bu cür birgə fəaliyyət forması həm Moldovada, həm də Azərbaycanda uğurla tətbiq oluna bilərdi. Belə bir təsəvvür yaranır ki, iş adamları ölkələrimizdəki bazarların imkanlarını pis bilir, ona görə də bizim ümumi vəzifəmiz bütün istiqamətlərdə və bütün sahələrdə onların fəaliyyətini fəallaşdırmaqdan ibarətdir. Bunun üçün artıq qanunverici baza yaradılıb.
Əməkdaşlığın prioritet sahələri energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı sahəsində, xüsusilə də üzümçülük və şərabçılıq sənayesinin inkişafında əməkdaşlıqdır.
- Ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova hökümətlərarası komissiyanın fəaliyyəti nə dərəcədə səmərəlidir?
- Moldova və Azərbaycan respublikaları arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökümətlərarası komissiya bu yaxınlarda yaradılıb. İlk toplantı 19 aprel 2005-ci ildə Kişinyovda keçirilib və burada tərəflər ölkələrimiz arasında Uzunmüddətli iqtisadi əməkdaşlıq Proqramını və onun gerçəkləşdirilməsi üzrə Tədbirlər Planını müzakirə edib və təsdiqləyib.
Obyektiv səbəblərə görə Komissiyanın ikinci toplantısı hələ baş tutmayıb. Toplantı Bakıda keçirilməlidir.
Ona görə də Proqramın yerinə yetirilməsi üzrə Komissiyanın bu dövr fəaliyyətinin yekunlarından sonra səmərəlilik haqqında daha ətraflı danışmaq olar.
Qeyd etmək lazımdır ki, Komissiya ölkələrimiz arasında qarşılıqlı səmərəli münasibətlərin irəliləməsində baş koordinatordur.
- Regional, o cümlədən Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin nizama salınması məsələlərində iki ölkənin mövqelərini necə qiymətləndirirsiniz?
- Münaqişələrin nizama salınmasında mövqelərimiz üst-üstə düşür. Bizdə münaqişənin dinc yolla həlli üzrə səylərin davam etdirilməsindən başqa heç bir alternativ yoxdur. Ölkələrimiz regional və beynəlxalq təşkilatlar çərçivəsində fəal surətdə əməkdaşlıq edir, yəni biz beynəlxalq arenada hər zaman bir-birimizi dəstəkləyirik. Daimi məsləhətləşmələr və fikir mübadiləsi aparılır. Münaqişələrin həllində bütün məsələlər üzrə ölkələrimizin həmrəyliyi yüksək səviyyədədir. Eyni zamanda münaqişələrin həll olunması məqsədilə biz beynəlxalq və regional təşkilatları daha fəal surətdə cəlb etməliyik.
Dnestryanı münaqişəyə gəlincə, qeyd etmək istərdim ki, ölkəmizin bölüşdürülməsi üçün heç bir obyektiv səbəb yoxdur, çünki Dnestrin həm sağ, həm də sol sahilində insanlar eyni dinə qulluq edir, eyni millətin nümayəndəsidir və onların arasında, bir fərd kimi, heç bir ziddiyyət yaranmır.
- Moldovada kəşfiyyat işlərinin görülməsi üzrə ARDNŞ ilə birgə ekspert qrupunun yaradılması çərçivəsində hansı addımlar atılır? Siz Moldova və Azərbaycanın energetika sahəsində əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz?
- Azərbaycan və Moldova respublikalarının Sənaye və Energetika nazirliklərinin ekspertlər qrupunun Moldova ərazisində neft və qaz kəşfiyyatı məsələləri üzrə işgüzar görüşünün ilk toplantısı bu ilin mart ayında keçirilib. Tərəflər neft-qaz ehtiyatlarının olması perspektivlərinin qiymətləndirilməsi məqsədilə Moldova ərazisinin öyrənilməsinin vəziyyətini müzakirə edib, bu məsələlər üzrə bizdə olan sənədlərlə tanış olub.
İşlər davam etdirilir. Yaxın günlərdə öz həmkarlarının təcrübəsini öyrənmək və Moldova ərazisində axtarış-kəşfiyyat işlərinin bərpası üzrə müvafiq materialların hazırlanması üçün ekspertlər qrupu Moldovadan Bakıya gələcək. Biz əminik ki, sizin mütəxəssislər gələcəkdə də lazımi məsləhətlər verəcək və texniki yardım göstərəcəklər.
Moldova və Azərbaycanın energetika sahəsində əməkdaşlığı bir çox müsbət perspektivlər vəd edir.
- Ölkələrimizin GUAM çərçivəsində əməkdaşlığının əhəmiyyəti və perspektivləri haqqında nə fikirləşirsiniz?
- Məlum olduğu kimi, 23 may 2006-cı ildə Kiyevdə Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentləri GUAM-ın növbəti sammiti zamanı "Demokratiya və inkişaf naminə - GUAM" təşkilatının təsis sənədlərini imzaladılar. Artıq 9 ildir ki, mövcud olan regional təşəbbüs tam beynəlxalq quruma çevrildi.
GUAM- bölgənin inkişafında həm iqtisadi, həm də siyasi aspektdə mühüm rol oynamaq iqtidarında olan unikal təşkilatdır.
Təşkilatın Nizamnaməsində onun əsas məqsədləri kimi aşağıdakılar müəyyənləşdirilib: demokratik dəyərlərin təsdiqi, davamlı inkişafın təminatı, beynəlxalq və regional təhlükəsizliyin möhkəmləndirilməsi, Avropaya inteqrasiyanın dərinləşdirilməsi.
GUAM çərçivəsində ölkələrimizin böyük əməkdaşlıq perspektivləri var, çünki GUAM enerji daşıyıcılarının tədarükünün diversifikasiyasında, bölgədə "dondurulmuş münaqişələrin" həllində, Şərq və Qərb arasında səmərəli dəhlizin yaradılmasında, iştirakçı ölkələrin Avropaya inteqrasiya cəhdlərinin gerçəkləşdirilməsində həlledici rol oynamalıdır.
Problemlər həll olunmağa başlayıb. Artıq GUAM-ın Sərbəst ticarət zonasının yaradılması haqqında Protokol imzalanıb. Növbəti addım gömrük və sərhəd fəaliyyətinin harmonizasiyası, razılaşdırılmış tarif siyasəti olacaq. Biz hamımız bu yolda bir çox problem və çətinliklərin olduğunu yaxşı anlayırıq, lakin bizim ölkə rəhbərləri siyasi iradəyə malikdir və bu, bütün məsələləri həll etməyə imkan verəcək.