ATƏT Minsk qrupu həmsədrləri baza prinsipləri dəstini təklif edib və biz hələ də Azərbaycan və Ermənistan prezidentlərinin reaksiyasını gözləyirik. İki ölkə liderləri bu baza prinsiplərini dəyişməyi istəyib-istəmədiklərinə özləri qərar verməlidirlər. Trend xəbər verir ki, bu barədə ATƏT Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza "Mediamaks" agentliyinə verdiyi müsahibəsində bildirib.
"Bəllidir ki, tərəflərdən biri baza prinsipləri ilə razılaşmır. Əks halda hər iki tərəf və ya tərəflərdən biri prinsiplərlə tamamilə razı olduqlarını bildirərdi. Heç kim bunu demir. Biri deyir ki, "bizim bu prinsiplərlə problemlərimiz var", digərləri isə deyir ki, "prinsipcə, biz onlarla razıyıq, lakin biz bəzi kiçik dəyişikliklər etmək istərdik". Heç kim bu prinsiplərlə razı olduğunu demir", - deyə M.Brayza bildirib.
Onun sözlərinə görə, bu yay vasitəçilər bəyanatla çıxış edib və bildiriblər ki, həmsədrlərin fəallıq məsələsi prezidentlərin cavabından asılı olacaq. "İndiyədək biz rəsmi cavab almamışıq. Əgər biz seçkiqabağı dövrə daxil olsaq, o zaman tərəflər vasitəçilərin səyləri davam etdirməsini istədiklərini bildirəcəklər və biz, əlbəttə ki, səyləri davam etdirəcəyik", - deyə vasitəçi bildirib.
M.Brayza hesab edir ki, Ermənistanda seçkiqabağı kampaniyanın yaxınlaşması ilə "imkanlar pəncərəsi" daralmağa başlayır, lakin hazırda bu "pəncərə", şübhəsiz, "açıq" qalır. "İndi hər iki tərəfin bu işə yaradıcı yanaşması üçün yaxşı imkan var və biz bunu Azərbaycanın Baş Assambleyaya təklif etdiyi yanğınların nəticələrinin aradan qaldırılması üçün birgə səylərə dair qətnaməsinin misalında görürük", - deyə o qeyd edib.
Diplomat vurğulayıb ki, əgər sülh prosesinin ümidsiz olduğunu hesab etsəydi, o zaman vaxtını boş yerə sərf etməzdi. Kəlbəcərin qaytarılma müddətinə gəlincə, həmsədrin fikrincə, bu, tərəflərin qarşılıqlı etimad qurmağa nə vaxt başlamasından asılı olacaq. "Bunun nə zaman baş verəcəyini bilmirəm, lakin yanğınlarla bağlı danışdığımız tədbirlərin bütün mahiyyəti bu etimadın yaradılmasına yönəldilib. Etimadın müəyyən dərəcəsi bərpa olunduqda, o zaman referendum-əhalinin səs verməsi və ya Ermənistanın nail olmağa çalışdığı Laçın dəhlizinə dair zəmanətlər kimi elementlərin əvəzinə Kəlbəcərin Azərbaycana qaytarılması haqqında danışmaq tamamilə real olacaq", - deyə həmsədr qeyd edib.