...

Ukrayna MSK sədri: "Şübhə etmirəm ki, bələdiyyə seçkiləri demokratiya istiqamətində müsbət addım olacaq"

Siyasət Materials 6 Oktyabr 2006 18:26 (UTC +04:00)

Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Yaroslav Davudoviç bu gün - oktyabırn 6-da Fəxri Xiyaban və Şəhidlər Xiyabanında olub. Trend in məlumatına görə, Yaroslav Davudoviç Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun müşayiəti ilə ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevin məzarı önünə gül-çiçək dəstələri qoyulub, onun xatirəsi yad edilib. Sonra Ukrayna və Azərbaycanın MSK sədrləri Şəhidlər Xiyabanına yola düşüb, şəhidlərin xatirəsinə ehtiram göstəriblər.

Jurnalistlərə açıqlama verən Ukrayna MSK sədri bildirib ki, bu günkü bələdiyyə seçkiləri normal şəraitdə keçir: "Əgər MSK sədri Məzahir Pənahov qonaqlarla məşğul olmağa vaxt tapırsa, deməli, seçkilər çox sakit və normal keçir. Mən şübhə etmirəm ki, bu seçkilərin nəticələri demokratiya istiqamətində müsbət addım olacaq və bu gün yerli özünüidarə orqanlarına layiqli şəxslər seçiləcək"-deyə Y.Davidoviç qeyd edib.

Qonaq vurğulayıb ki, Ukrayna və Azərbaycan son illərdə beynəlxalq standartlara cavab verən seçki keçirilməsi istiqamətində xeyli irəliləyişə nail olublar. Onun sözlərinə görə, ölkələrimizdə demokratiyanın gələcək perspektivləri də çox böyükdür.

Məzahir Pənahov da Azərbaycan və Ukrayna MSK-ları arasında əməkdaşlıq olduğunu, qarşılıqlı münasibətlərə dair saziş bağlandığını deyib: "Bizim nümayəndə heyətimiz Ukraynada keçirilən seçkilərdə müşahidəçilik edib, indi də Ukrayna MSK-nın rəhbərliyi bizdəki seçkiləri müşahidə edir. Bəzi bələdiyyələrə keçirilən seçki olmasına baxmayaraq, Yaroslav Davidoviç seçkiləri izləmək üçün bura gəlib. Bu, Azərbaycana olan böyük diqqətdir. Bizim bu istiqamətdə əməkdaşlığımız davam edir".

Xəbər lenti

Xəbər lenti