...

Fərhad Abdullayev: Azərbaycan Konstitusiyası birbaşa və ali hüquqi qüvvəyə malik canlı sənəddir

Siyasət Materials 10 Noyabr 2006 13:00 (UTC +04:00)
Fərhad Abdullayev: Azərbaycan Konstitusiyası birbaşa və ali hüquqi qüvvəyə malik canlı sənəddir

Trend in suallarını Azərbaycanın Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev cavablandırır

- Fərhad müəllim, Konstitusiyamızın milli dövlətçiliyimizdə rolu, onun qəbulundan ötən 11 il ərzində həyata keçirilən islahatlar prosesinə təsiri haqda nə deyə bilərsiniz?

- Hüquqi dövlətin əsas atributlarından olan Konstitusiya dövlətin hüquq sistemində spesifik təyinata və funksiyalara malik mühüm aktdır. O, dövlət quruluşunu, seçki sistemini, dövlət hakimiyyəti orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini, vətəndaşların əsas hüquqlarını, azadlıqlarını və vəzifələrini müəyyən edir, qanunvericiliyin əsasını təşkil edir. Qanunların bir-birinə zidd olmaması, vətəndaşların hüquq və azadlıqlarının pozulmaması baxımından konstitusiyanın rolu çox böyükdür. Əgər ölkədə qüvvədə olan çoxsaylı hüquqi aktları müəyyən düzümə məxsus və bir-birilə əlaqəli vahid sistem kimi qəbul etsək, onda konstitusiyanı bütün hüququn inkişafının əsası, mənbəyi adlandırmaq olar.
Konstitusiyanın cəmiyyətdəki əhəmiyyəti onun daşıdığı funksiyalar vasitəsilə reallaşır. Azərbaycan Respublikasının Konstitusiyası da hüquqi, siyasi, ideoloyi və sair mühüm funksiyaları yerinə yetirməklə cəmiyyətin və dövlətin həyatında, ölkənin siyasi və hüquq sistemində əvəzedilməz rola malikdir.
Eyni zamanda yaddan çıxarmaq olmaz ki, sadəcə Konstitusiyanın qəbul edilməsi hələ hüquqi dövlətin mövcudluğuna dəlalət etmir və onun real tətbiqi mühüm məsələlərdəndir. Hələ XVIII əsrdə qəbul edilmiş İnsan hüquqları və azadlıqları haqqında Fransa Bəyannaməsində qeyd edilirdi ki, hüquqlardan istifadənin təmin olunmadığı və hakimiyyətlər bölgüsünün həyata keçirilmədiyi hər hansı cəmiyyət konstitusiyaya malik deyildir.
Ötən on bir illik tarixə nəzər salaraq əminliklə söyləmək olar ki, Azərbaycan Respublikasının Konstitusiyası ölkə ərazisində birbaşa və ali hüquqi qüvvəyə malik olan, reallıqda tətbiq edilən canlı bir sənəddir. Əlbəttə, bizim artıq hüquqi dövlət ideallarına tam nail olmağımız barədə fikir söyləmək bir qədər tez olardı. Amma ötən dövr ərzində aparılan irimiqyaslı islahatlar prosesi bu istiqamətdə qısa müddət ərzində çox böyük işlərin görüldüyünə dəlalət edir. Eyni zamanda bu proseslərin diqqətlə nəzərdən keçirilməsi bütün bunların əsasında məhz 1995-ci il Konstitusiyasının durduğunu göstərir.
Konstitusiyanın qəbul edilməsindən sonra birbaşa xalq tərəfindən seçilən qanunverici orqan formalaşıb; dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb; beynəlxalq təcrübə və tövsiyələr nəzərə alınmaqla məhkəmə-hüquq islahatları həyata keçirilib; bir sıra yeni institutlar - Konstitusiya Məhkəməsi, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman), yerli özünüidarəetmə orqanları yaradılıb və fəaliyyətə başlayıb; xüsusi mülkiyyət institutunun inkişafı və ümumiyyətlə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı təminat sistemi formalaşıb. Ölkədə bir neçə mərhələdə aparılmış özəlləşdirmə prosesi mülkiyyət münasibətləri subyektlərinin dairəsini xeyli genişlənib, əhalinin xüsusi mülkiyyətinin həcmini əhəmiyyətli dərəcədə artırıb.
Konstitusiyanın qəbulundan sonra Azərbaycanda aparılmış qanunvericilik islahatı nəticəsində hüquq sisteminin müxtəlif sahələrini tənzimləyən geniş normativ baza formalaşmışdır. Ölkəmiz artıq onun qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan 200-dən artıq çoxtərəfli beynəlxalq müqaviləyə tərəfdar çıxmışdır, xüsusilə diqqətəlayiqdir ki, bu sənədlərin böyük əksəriyyəti birbaşa və ya dolayısı ilə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlıdır.
Bir daha qeyd etmək istərdim ki, bütün bu proseslər 1995-ci il Konstitusiyasının bazasında, onun müəyyən etdiyi təməl prinsiplər əsasında gerçəkləşib.

- Qeyd etdiyiniz kimi, yeni Konstitusiyanın qəbul edilməsi ilə yaranan institutlardan biri də konstitusiya nəzarətini həyata keçirən və artıq səkkiz ildən artıqdır ki, fəaliyyət göstərən Konstitusiya Məhkəməsidir. Sizcə, bu gun rəhbərlik etdiyiniz orqanın fəaliyyəti konstitusiya ədalət mühakiməsinin müasir tendensiyalarına cavab verirmi?

- Ölkə qanunvericiliyində Konstitusiyanın aliliyinin təmin edilməsi və hər kəsin hüquq və azadlıqlarının müdafiəsi Konstitusiya Məhkəməsinin əsas məqsədləri kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi normativ-hüquqi aktların Konstitusiyaya və hüquqi iyerarxiyada özündən üstün qüvvəyə malik aktlara uyğunluğunu yoxlayır, Konstitusiyanı və qanunları şərh edir, hakimiyyətlər arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri həll edir, seçkilərin nəticələrini yoxlayır və təsdiq edir və sair mühüm səlahiyyətləri həyata keçirir.
Konstitusiya nəzarəti ideyasının inkişafının müasir tendensiyalarına gəldikdə isə, qeyd etmək lazımdır ki, bu, əsasən iki mühüm istiqamət üzrə gedir. Birincisi, konstitusiya nəzarətinin obyektinə daxil olan aktların dairəsinin genişlənməsi. İkincisi isə, konstitusiya nəzarəti orqanlarına müraciət hüququna malik subyektlərin dairəsinin genişlənməsi - yəni, bütün konstitusion subyektlərin, ilk növbədə isə vətəndaşların belə hüquqa malik subyektlərə aid edilməsi.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin əslində çox qısa müddəti əhatə edən 8 illik fəaliyyət dövrünə nəzər yetirilməsi məhkəmənin fəaliyyətinin bu hər iki mühüm tendensiyaya uyğun inkişaf etdiyini göstərir. Xüsusilə də, 2002-ci il avqust ayının 24-də keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər məhkəmənin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olmuşdur. Bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi geniş səlahiyyətlər dairəsinə malik konstitusiya nəzarəti orqanıdır. Bu nəzarətin yurisdiksiyasına qanunvericilik, icra və məhkəmə hakimiyyətinin aktlarının geniş spektri daxildir.
Konstitusiya islahatlarından sonra Məhkəməyə müraciət etmək hüququna malik subyektlərin dairəsi də əhəmiyyətli dərəcədə genişlənmişdir. Bu dəyişikliklərdən sonra 8 yanvar 2004-cü il tarixdə "Konstitusiya Məhkəməsi haqqında" yeni Qanunun qüvvəyə minməsi ilə Azərbaycanda ilk dəfə olaraq fərdi şikayətlər institutunun tətbiqinə başlanılmış, eləcə də Ombudsmana və məhkəmələrə Konstitusiya Məhkəməsinə bilavasitə müraciət etmək imkanı verilmişdir.
Şübhəsiz ki, bütün bunlar ilk növbədə Konstitusiya Məhkəməsinin timsalında hüquqların müdafiəsi üçün əhəmiyyətli bir vasitənin əldə edilməsi deməkdir. Xüsusilə də, konstitusiya şikayətinin verilməsinin mümkün olduğu məsələlərin dairəsi xeyli geniş müəyyən edilmişdir. Belə ki, bu institutunun mövcud olduğu ölkələrin əksəriyyətində şikayətin predmeti yalnız iş üzrə tətbiq edilən və ya edilməli olan qanunun Konstitusiyaya uyğunluğu məsələsi ola bilər. Ölkəmiz daha mütərəqqi təcrübəni qəbul edərək, konstitusiya şikayətinin predmetinə normativ hüquqi aktlarla yanaşı, məhkəmə və bələdiyyə aktlarını da daxil etmişdir.
Təcrübə göstərir ki, Konstitusiya Məhkəməsinə verilmiş geniş səlahiyyətlər özünü doğrultmuş və məhz dövrün tələblərindən irəli gəlmişdir. Konstitusiya Məhkəməsi fəaliyyətinin ilk dövrlərindən fəal işə başlamış, müvafiq subyektlərin müraciətləri əsasında bəzi konstitusiya normalarını rəsmi şərh etmiş, mülkiyyət hüququnun, cinayət və cinayət-prosessual hüququnun, əmək və sosial təminat hüququnun bir sıra institutları ilə bağlı zəruri qərarlar qəbul etmiş, insan hüquq və azadlıqlarının səmərəli təmin olunması ilə əlaqədar konkret məsələlər üzrə hüquqi mövqelərini ortaya qoymuşdur. Ötən dövrün təcrübəsi həmçinin göstərdi ki, vətəndaşlar konstitusiya şikayəti institutundan səmərəli müdafiə vasitəsi kimi olduqca fəal istifadə edirlər. Bu fakt Konstitusiya Məhkəməsinin işində də özünü açıq büruzə verir.
Fərəhləndirici nəticələrindən biri isə budur ki, bu gün bir sıra Avropa ölkələrinin konstitusiya nəzarəti orqanları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təcrübəsi ilə, həyata keçirilən icraatın xüsusiyyətləri ilə yaxından maraqlanır. Hətta onların öz qərarlarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına istinad halları da mövcuddur.

- 2002-ci ildə Konstitusiyanın mətninə dəyişikliklər edilməsi təklifi əvvəlcə cəmiyyət tərəfindən birmənalı qarşlınmasa da, sonradan onların real zərurətdən irəli gəldiyi və Konstitusiyaya bir sıra mütərəqqi yeniliklər gətirdiyi göz qabağında oldu. Bu gün həmin dəyişikliklərdən dörd il keçdikdən sonra yeni konstitusiya islahatlarına ehtiyac duyulmur ki?

- Bilirsiniz, 2002-ci ildə islahatlara etiraz edənlərin əsas arqumentlərindən biri məhz Konstitusiyanın stabilliyi ilə bağlı idi. Sözsüz ki, qanunvericilik sistemini təşkil edən digər aktlara münasibətdə konstitusiyalar daha az dəyişikliyə məruz qalan, sabit sənədlər olmalıdır. Lakin həm də bu o demək deyildir ki, yalnız Əsas Qanunun sabitliyi və dayanıqlığı mülahizələri ilə istənilən, hətta ən zəruri, pozitiv islahatlardan imtina olunmalıdır. Fikrimcə, bu məsələdə konstitusiyanın stabilliyi ilə pozitiv islahtlar arasında müəyyən tarazlıq qorunub saxlanmalıdır.
Digər tərəfdən, konstitusiyanın dəyişən tələblərə, inkişaf edən tendensiyalara uyğunlaşdırılması heç də bütün hallarda onun mətninin dəyişdirilməsini tələb etmir. Təsadüfi deyil ki, müasir dövrdə əsas təyinatı konstitusiyaların aliliyinin təmin edilməsi olan konstitusiya nəzarəti orqanlarının üzərinə düşən mühüm vəzifələrdən biri də məhz konstitusiyanın mütəmadi inkişaf etdirilməsi, ona dinamizm qazandırılması ilə bağlıdır.
Bu isə qanunvericiliyin, məhkəmə təcrübəsinin mütəmadi təkmilləşdirilməsi, o cümlədən, konstitusiya normalarının rəsmi şərhi vasitəsilə həyata keçirilir. Bununla da, sabitliyin mühüm amili kimi konstitusiyanın rolu qorunmaqla yanaşı, həm də onun mətnində tez-tez dəyişikliklər edilmədən demokratik inkişafa dinamik təsir edir.
Bütövlükdə konstitusiya hüququnun inkişafına xidmət edən bu məsələlərin həllində Konstitusiya Məhkəməsinin üzərinə mühüm vəzifə düşür. Bu mənada hesab edirəm ki, Konstitusiya normalarının şərhinə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində fəal tətbiq olunan şərhin təkamül prinsipindən yanaşılmalıdır. Məhz belə yanaşma əsasında konstitusiya normaların statik məcmusu olmaqdan çıxır, konstitusion dəyər və prinsiplər zamanın tələbləri çərçivəsində şərh edilir. Bununla da konstitusiya ictimai inkişafın mütəmadi ortaya çıxan yeni tələbatlarının qarşılanmasında canlı alət rolunu oynayır. Bu isə öz növbəsində ona cəmiyyətdəki yeniliklərə adekvat təsir imkanı verən xüsusi dinamizm qazandırır, konstitusiyanın məzmunu daim yeniləşdirilir, bütövlükdə isə konstitusiya hüququ müasir cəmiyyətin sosial, siyasi, mənəvi və texnoloji təkamülü baxımından proqressiv inkişaf edir.
Bu mənada xüsusi konstitusiya islahatlarının həyata keçirilməsinə və Konstitusiyanın mətninə dəyişiklər edilməsinə hazırda ehtiyac duymuram.

- Müasir dövrdə beynəlxalq hüququn milli qanunvericiliyə təsiri daha geniş vüsət almaqdadır. Bir sıra ölkələrdə isə beynəlxalq hüquq normaları milli qanunvericiliklə paralel olaraq sərbəst tətbiq olunur. Bu gün ölkəmizin məhkəmə təcrübəsində beynəlxalq hüququn tətbiqi səviyyəsi sizi qane edirmi?

- Həqiqətən də, müasir reallıq ondan ibarətdir ki, hər bir dövlətin daxili hüququ özündə müxtəlif formalarda, inkorporasiya və ya transformasiya yolu ilə, beynəlxalq hüquq normalarını əks etdirir, beynəlxalq münasibətlərin tənzimlənməsi məhz beynəlxalq hüququn primatı üstünlüyü üzərində qurulur, beynəlxalq hüququn daxili hüquq üzərində üçtünlüyü adi hal kimi qəbul edilir.
Qeyd edim ki, Konstitusiyamızda beynəlxalq hüququn milli qanunvericiliyə implementasiyası və birbaşa tətbiqi ilə bağlı çox mühüm və kifayət qədər mütərəqqi prinsiplər öz əksini tapmışdır. Əsas Qanun, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri ölkənin hüquq sisteminin ayrılmaz tərkib hissəsi olaraq nəzərdən keçirir. Konstitusiya həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin (Konstitusiya və referendum yolu ilə qəbul edilən aktlar istisna olmaqla) ölkəmizin qanunvericilik sisteminə daxil olan aktlar üzərində üstünlüyünu tanıyır. Konstitusiyada belə bir mühüm göstəriş də öz əksini tapır ki, onda sadalanan insan və vətəndaş hüquq və azadlıqları ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməlidir. Bu normalar belə deməyə əsas verir ki, Azərbaycan beynəlxalq hüquq normalarının tanınması məsələsində müstəsna olaraq monistik mövqedən çıxış edir və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarının milli məhkəmələrdə birbaşa tətbiqi üçün dövlətdaxili aktın qəbul edilməsi tələb olunmur.
Beynəlxalq hüquq normalarının və məhkəmə presedentlərinin tətbiqi məsələsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin daim diqqət mərkəzində olan vacib məsələlərdəndir. Məhkəməmiz bir sıra qərarlarında mötəbər beynəlxalq sənədlərə (İnsan hüquqları haqqında Ümumi Bəyannaməyə, İnsan hüquqlarına dair Beynəlxalq Paktlara, Beynəlxalq Əmək Təşkilatının Konsvensiyalarına) dəfələrlə istinadlar etmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının müddəaları, xüsusilə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ fəaliyyətimizdə xüsusilə nəzərə alınır. Bu, onunla əlaqədardır ki, Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasını qəbul etmiş, hüquqtətbiqi, həmçinin məhkəmə təcrübəsini Konvensiya öhdəliklərinə uyğunlaşdırmaq öhdəliyi götürmüşdür. Məhkəmənin beynəlxalq hüquq normalarından istifadə etməsi onun baxılan iş üzrə hüquqi mövqeyini dürüst ifadə etməyə, zənginləşdirməyə və gücləndirməyə kömək edir ki, bu da öz növbəsində Məhkəmənin son qərarına təsir göstərir.
Sözsüz ki, beynəlxalq-hüquqi aktlar, xüsusilə də insan hüquqlarının təminatı ilə bağlı beynəlxalq müqavilələr məhkəmə təcrübəsində geniş tətbiq edilməlidir. Bu, həmin aktlarda, xüsusilə də Avropa Konvensiyasında təsbit olunmuş və Avropa Məhkəməsinin qərarlarında inkişaf etdirilən ideya və dəyərlərin Azərbaycanda insan hüquqlarının müdafiəsinin səviyyəsinə və səmərəliliyinə təsiri baxımından vacib əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, artıq bu sahədə Konstitusiya Məhkəməsinin kifayət qədər təcrübəsi formalaşmışdır. Təəssüf ki, eyni fikri ümumi məhkəmələr haqqında söyləmək bir qədər çətindir. Son dövrlərədək ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən beynəlxalq hüququn birbaşa tətbiqi nadir hallarda həyata keçirilirdi. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 yanvar 2006-cı il fərmanında da bu məqam xüsusilə vurğulanmış, məhkəmələrə bu istiqamətdə konkret addımların atılması tövsiyə edilmişdir. Bu fərmandan sonra Ali Məhkəmənin Plenumu da Konvensiya müddəalarının və Məhkəmənin presedentinin tətbiqi haqqında qəbul etdiyi qərarla məhkəmələrə zəruri izahatlar vermişdir. Ümid edirəm ki, bütün bunlar sözügedən sahədə vəziyyətin müsbət istiqamətdə dəyişməsi ilə nəticələnəcək.

- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin digər ölkələrin oxşar orqanları və beynəlxalq təşkilatlarla münasibətləri hansı səviyyədə qurulmuşdur?

- Ötən müddət ərzindəki fəaliyyəti dövründə Konstitusiya Məhkəməsi beynəlxalq əməkdaşlığa daim xüsusi önəm vermişdir. Məhkəməmiz 2000-ci ildən Avropa konstitusiya nəzarəti orqanlarını birləşdirən Avropa Konsitusiya Məhkəmələrinin Konfransı Təşkilatının tamhüquqlu üzvüdür. Qeyd etmək lazımdır ki, bu təşkilata yalnız öz fəaliyyəti ilə müstəqilliyini sübut etmiş və Konstitusiyada təsbit edilmiş demokratik dəyərlərin qorunmasında cəmiyyətin etimadını qazanmış Avropa Konstitusiya Məhkəmələri üzv ola bilərlər. Təşkilatın vaxtaşırı keçirilən tədbirlərində konstitusiya nəzarəti orqanlarının məhkəmə praktikası və konstitusiya ədalət mühakiməsinin yeni tendensiyaları haqqında müzakirələr keçirilir. Məhkəməmiz həmçinin, Avropa Şurası, ATƏT, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti, Amerika Hüquqşünaslar Assosiasiyası, Qırmızı Xaç Komitəsi, Çin Hüquq Cəmiyyəti və digər hökumət və qeyri-hökumət təşkilatları ilə mütəmadi əməkdaşlıq edir.
Avropa Şurasının Venesiya Komissiyası ilə sıx əlaqələrimiz mövcuddur. Sizə də məlum olduğu kimi, bu komissiya ilə birlikdə Bakı şəhərində konstitusiya hüququnun müxtəlif problemlərinə dair keçirdiyimiz beynəlxalq konfranslar artıq ənənəyə çevrilib.
Ümumiyyətlə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Türkiyə, Rusiya, Almaniya, Avstriya, İtaliya, Bolqarıstan, Polşa, Moldova, Ukrayna, Çin və bir sıra digər ölkələrin müvafiq institutları ilə qurduğu əlaqələr vasitəsilə öz təcrübəsini zənginləşdirməyə və qəbul etdiyi qərarlarda müasir huquqi ideyaları tətbiq etməyə çalışır.

Xəbər lenti

Xəbər lenti