Noyabrın 15-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevə Mixail Zukkov Fondu tərəfindən (Almaniya) mükafat verilmə mərasimi keçirilib. Trend xəbər verir ki, fondun sədri Mixail Zukkov mükafatı təqdim edərkən bildirib ki, təltif etmə haqqında qərar Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi sahəsində uğurlu siyasətin aparıldığını nəzərə alaraq qəbul olunub. Onun sözlərinə görə, Azərbaycan bu göstərici üzrə MDB ölkələri arasında birinci yeri tutur və görülmüş işlər Avropa və ümumilikdə bütün dünya üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycan prezidenti öz çıxışında qeyd edib ki, ölkə inkişaf prosesindədir və AYİB-in son hesabatına əsasən, Azərbaycan ÜDM artımına görə dünyada liderdir. Lakin dövlət başçısının sözlərinə görə, müsbət tərəflərlə yanaşı bu prosesin mənfi tərəfləri də var - sənaye istehsalatının artması ətraf mühitə təsir göstərir. O əlavə edib ki, istehsalat və yeni iş yerlərinin yaradılması çox vacibdir, lakin bu, ətraf mühitə ziyan verməməlidir.
Prezident xatırladıb ki, bu yaxınlarda ekoloji məsələlərlə bağlı dövlət proqramı qəbul olunub və dövlət onun reallaşdırılmasına maliyyə dəstəyi göstərmək niyyətindədir. İlk növbədə, proqramda Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların, Xəzər dənizinin Azərbaycan sektorunun, Bakı buxtasının təmizlənməsi nəzərdə tutulub. O bildirib ki, 5 il ərzində başlıca ekoloji məsələlər öz həllini tapacaq, bunun üçün siyasi iradə və maliyyə imkanları var.
İlham Əliyev Azərbaycanın işğal olunmuş ərazilərindəki ekoloji vəziyyətdən narazı və narahat olduğunu bildirib və bu vəziyyətin "çox acınacaqlı" olduğunu qeyd edib. Onun sözlərinə görə, işğalçı qüvvələr yalnız tarixi, dini və mədəni abidələri məhv etmir, həm də ağacları qırır, torpaqları yandırırlar. "Bu ərazilərdəki bir çox evlər dağıdılıb, qiymətli ağac növləri kəsilir, bir neçə böyük mebel fabriki tikilib. Son zamanlar işğal olunmuş ərazilərdə böyük yanğınlar müşahidə olunur. Onlar bilirlər ki, gec və ya tez bu torpaqları tərk edəcəklər, ona görə də yalnız abidə və evlər deyil, ekologiya da məhv edilir", - deyə o vurğulayıb.
Azərbaycan prezidenti 15 min avro məbləğində mükafat çekinin ekoloji məqsədlər üçün istifadə edilməsi barədə qərar qəbul edib və ekologiya və təbii sərvətlər nazirinə həmin sahəni müəyyən etməyi həvalə edib.