"Azərbaycan prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərinin konkret nəticələrini yaxın vaxtlarda görmək mümkün olacaq". Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Əbu-Dabidəki səfiri Eldar Səlimov İ.Əliyevin noyabrın 20-21-də BƏƏ-yə səfərinin yekunlarını şərh edərkən bəyan edib.
Onun sözlərinə görə, səfərin yekunları müsbətdir, bir çox sahələri əhatə edən iri sazişlər paketi imzalanıb. Bu ondan xəbər verir ki, istiqamətlərin böyük spektri əməkdaşlıq üçün nəzərdə tutulub. Bu istiqamətlərin hüquqi bazası müəyyən edilib və hazırda bunu davam etdirmək lazımdır", - deyə səfir qeyd edib.
Yüksək səviyyədə aparılmış danışıqlar zamanı əsas diqqət ticari-iqtisadi əməkdaşlığa ayrılıb. Dubayın iqtisadi inkişaf üzrə təcrübəsi çox maraqlı idi və buna görə də proqrama Cəbəl-Əli azad iqtisadi zonasına baş çəkilməsi, əmirlik, Dubay biznesi elit nümayəndələri ilə görüşlər və Əbu-Dabidə biznes-forum da daxil edilmişdi. E.Səlimov bildirib ki, alınmış məlumata görə, artıq bir sıra şirkətlər arasında müəyyən əlaqələr yaradılıb.
Səfir vurğulayıb ki, iki ölkə arasında siyasi əlaqələr həmişəki kimi, yüksək səviyyədədir və bu barədə dövlət başçıları görüşlərdə bəyan edib. "Əmirliklər Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. Beynəlxalq təşkilatlar çərçivəsində isə uğurlu əməkdaşlıq həyata keçirilir", - deyə E.Səlimov qeyd edib. O əlavə edib ki, qarşılıqlı əlaqələrə böyük maraq olduğundan, əməkdaşlığın inkişafı üçün imkanlar var.