...

Ukraynanın yanacaq və energetika naziri: Ukrayna və Azərbaycan Avropaya enerji ehtiyatlarının tədarükündə təbii tərəfdaşlardır

Siyasət Materials 22 Noyabr 2006 17:54 (UTC +04:00)

Trend in Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko ilə eksklüziv müsahibəsi

- Siz Azərbaycan və Ukrayna arasında enerji sahəsində əməkdaşlığın indiki səviyyəsini necə qiymətləndirirsiniz?

- Ölkələrimiz arasında iqtisadi əlaqələr istədiyimiz templərlə olmasa da, düzgün istiqamətdə inkişaf edir. Məsələn, 2005-ci ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi 2004-cü illə müqayisədə 40%, cari ilin ilk altı ayı ərzində isə cəmi 4,6% artıb. Ona görə də artım ehtiyatı var və bu, yalnız enerji sahəsində münasibətlərin inkişafı hesabına deyil. Xatırladım ki, Ukrayna və Azərbaycan - Avropaya enerji ehtiyatlarının tədarükündə təbii tərəfdaşlardır, lakin təəssüf ki, hazırda bizim əməkdaşlıq potensialımızdan sonunadək istifadə olunmur.

- Rəsmi Kiyev, məsələn, neft-qaz əməliyyatlarının aparılması üçün avadanlıq tədarükü üçün xidmət müqavilələrinin əldə olunması da daxil olmaqla, Azərbaycanın neft-qaz yataqlarının işlənməsində iştirakda nə dərəcədə maraqlıdır?

- Ukrayna Azərbaycan yataqlarının işlənməsində və avadanlıq tədarükündə birmənalı şəkildə maraqlıdır. Yeri gəlmişkən, Ukrayna Azərbaycanın neft-qaz avadanlıqları tədarükünün də əleyhinə deyil.

Lakin Ukraynada ARDNŞ-ın qurudakı hasilatı əsasən öz ehtiyatları hesabına inkişaf etdirməyə üstünlük verməsi barədə bəyanatlarını eşidiblər. Ukraynada ümid edirlər ki, bu niyyətlər bizim enerji sektorundakı əməkdaşlığımıza əngəl olmayacaq.

- 2007-ci ildə Odessa-Brodı layihəsinin inkişaf perspektivləri hansılardır və Ukrayna artıq bu gün ölkəmizin bu neft kəmərinə qoşulmasını Azərbaycana təklif etməyə hazırdırmı?

- Ukrayna tamamilə aydın şəkildə Odessa-Brodı kəmərinin Plotska qədər uzadılması perspektivlərini müəyyənləşdirib. Noyabrın 15-də iqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Polşa dövlətlərarası komissiyanın toplantısı olub. Biz və bizim polşalı tərəfdaşlarımız layihənin Plotska qədər uzadılmasına başlamağa hazır olduğunu təsdiq etdik. Bunun üçün biz Ukrayna və Polşa arasında yeni hökümətlərarası saziş bağlayacağıq.

Azərbaycana gəlincə, biz neft tədarük edən ölkələrin layihəyə cəlb edilməsinə böyük əhəmiyyət veririk. Biz bu layihənin bərabər hüquqlu iştirakçıları qismində Azərbaycan, Qazaxıstan, Rusiya və digər neft şirkətlərinin cəlb olunmasının tərəfdarıyıq.

Sentyabrın 7-də "Naftoqaz Ukrainı" və ARDNŞ arasında əməkdaşlıq prinsipləri haqqında saziş imzalanıb. Bu sazişə əsasən, "Naftoqaz" "Odessa-Brodı-Plotsk" layihəsi çərçivəsində əməkdaşlığın inkişafı üçün birgə işçi qrupunun toplantısının keçirilməsi barədə təklifin olduğu məktub göndərib. Mənə məlum olduğu kimi, hazırda toplantının keçirilmə vaxtı hələ də müəyyənləşdirilməyib. Bu prosesi sürətləndirmək istərdik və biz öz tərəfimizdən bunun üçün əlimizdən gələni etməyə hazırıq.

- Ukrayna Azərbaycan Dövlət Neft Şirkətinin neft məhsullarının satışı üzrə tenderlərində iştirak edəcək şirkət yaratmaq niyyətində idi. Hazırda Azərbaycanın neft məhsullarının satın alınması üzrə hansı planlar var - ARDNŞ-in tenderlərində iştirak etməklə, yaxud uzunmüddətli əsasda birbaşa müqavilələr vasitəsilə?

- Bütün Avropa kimi, Ukraynanın da "şərqi boru" adlanan bir problemi var. Bu neft kəmərini Rusiya Çinə neft tədarük etmək üçün inşa edir. Bu gün bütün dünya enerji ehtiyatlarına görə rəqabət aparır, ona görə Ukrayna Azərbaycan və hər hansı başqa neftin tədarüklərində son dərəcə maraqlıdır.

Eyni zamanda, bizə məlum olduğu kimi, ixracat tədarüklərinin artımı əsasən ARDNŞ-in deyil, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin hesabına təmin olunur. Həmçinin aydındır ki, Azərbaycan ixracının başlıca kütləsi Bakı-Tbilisi-Ceyhan vasitəsilə həyata keçiriləcək. Ona görə də biz onların daşınması üçün ehtiyat və mexanizmlər tapmalıyıq. Bu məsələdə biz Azərbaycan hökümətinin anlayış göstərəcəyinə ümid edirik.

- Qaz- nəqliyyat konsorsiumunun yaradılması məsələsi hazırda ən çox nəzəri müstəvidədir. Sizin fikrinizcə, onun yaradılması üzrə daha konkret fəaliyyət nə vaxt olacaq və bütövlükdə bu, artıq konkret qərardır, yoxsa hələ müzakirə mərhələsindədir?

- "Nəzəri müstəvi"yə dair fikrinizlə razı deyiləm. Birincisi, hələ 2004-cü ildə layihənin reallaşdırılması üçün zəruri olan "Qazprom"la saziş də daxil olmaqla, bütün normativ baza yaradılıb. Elə o vaxt boru kəməri üçün yol seçilib və yer ayrılıb.

Həqiqətən də, o vaxtdan iş irəliləməyib. Lakin biz əvvəlki kimi bu layihəni prioritet layihələrdən biri kimi nəzərdən keçirir, "Qazprom" və Almaniyadakı tərəfdaşlarla müvafiq danışıqlar aparırıq. Bu yaxınlarda Kiyevdə iqtisadiyyat məsələləri üzrə yüksək səviyyəli Ukrayna-Almaniya qrupu iclas keçirib. Ukrayna tərəfdən həmsədr yanacaq və energetika naziri, Almaniya tərəfdən isə iqtisadiyyat naziri olub. Biz alman həmkarlarımıza Ukrayna, Rusiya və Almaniyanın iştirakı ilə 2004-cü ildə qəbul olunmuş konsorsium formatının müzakirəsinə qayıtmağı təklif etdik. Fikrimcə, bu fikir ruh yüksəkliyi ilə qəbul olundu.

Ona görə də layihənin perspektivlərinə şübhə ilə yanaşmaq olmaz. Bunlar konsorsiumun yaradılması haqqında danışıqlardan əməli müstəviyə keçdikdə olacaq. Yaxın sərmayə qoyuluşları yalnız layihədə üç tərəfdaşın iştirakı ilə bağlı prinsipial məsələlərin həllindən sonra irəliləyəcək.

- Sizin fikrinzcə, Kiyevin yaxınlığında nüvə yanacağı tullantıları anbarının tikintisi nə dərəcədə həqiqətə uyğundur?

- Nüvə enerjisi Ukraynanın enerji balansında mühüm rol oynayır - təxminən 50% elektrik enerjisi AES-də hasil olunur. Bundan əlavə, enerji çatışmazlığı başlıca qlobal problemdir. Ona görə də qabaqcıl dünya dövlətləri artıq etiraf ediblər ki, nüvə enerjisinin alternativi yoxdur. ABŞ, Rusiya və Çinin planlarına yaxın iyirmi il ərzində onlarla atom blokunun tikintisi daxildir. Hətta atom enerjisini tanımaq istəməyən Almaniyada da indi bu siyasətin yenidən baxılmasının məqsədəuyğunluğu müzakirə olunur.

Biz də nüvə enerjisini inkişaf etdirəcəyik. İndi Ukraynada Çernobıl AES-in zonasında işlənmiş nüvə yanacağı anbarının tikinti layihəsi reallaşdırılır. Bu, ölkəmiz üçün çox həssas məsələdir, ona görə də layihə cəmiyyətdə geniş surətdə müzakirə olunur. Qəti qərar yalnız bu məsələnin alim və ekspertlər tərəfindən hərtərəfli tədqiqatından sonra qəbul olunacaq.

Anbarın tikintisi - nüvə enerjisinin inkişaf proqramının zəruri elementidir. Radioaktiv tullantılardan fərqli olaraq, işlənmiş yanacaqdan sonra istifadə olunacaq, işlənmiş nüvə yanacağından tam istifadə üzrə yeni texnologiyalar isə nisbətən tez - 10-30 ildən sonra sənaye istismarına daxil olacaq.

Xəbər lenti

Xəbər lenti