Rusiyanın tanınmış parodiyaçısı Maksim Qalkinin konsertini bakılılar səbirsizliklə gözləyirdilər. Onun iki il bundan əvvəl parlaq çıxışı hamının yadında yaxşı qalıb. Əgər Qalkin "Yeni və ən yaxşı" proqramını hazırlayıbsa, deməli, həmin axşam ən azı əvvəlkindən zəif olmamalıdır. Həm də ötən iki il ərzində ən yaxşı yerlər üçün biletlərin qiymətinin təxminən iki dəfə artmasına baxmayaraq, xalq Qalkinin konsertinə gəlib. Nə etmək olar, inflyasiya bura da təsir göstərir. Bu vaxt ərzində Qalkinin də qonorarı artıb. Bəzi məlumatlara görə, 2004-cü ildə parodiyaçının gəlişinə görə 30.000 dollar ödənilməli idi. İndi bu məbləğin nə qədər olduğu məlum deyil.
Maksim ilk gəlişində söz vermişdi ki, gələn dəfə Heydər Əliyev adına sarayda o, Azərbaycan dilində yaxşı danışmağa çalışacaq. Və etiraf edək ki, o, tam olmasa da, hər halda sözünün üstündə durdu. Parodiyaçı axşamı "Axşamınız xeyir" sözləri ilə başladı. Sonra hətta bir neçə dəfə uzun cümlələr söyləyərək, Azərbaycan dilində yaxşı zarafatlar da etdi.
Qalkinə Bakıda ən tanış küçə Torqovı küçəsi deyil, başqa küçə oldu... "Mən ən çox Pyotr Montin küçəsi haqqında eşitmişəm. Mənim tanıdığım bütün azərbaycanlılar məhz orada anadan olublar. Belə bir təsəvvür yaranıb ki, məhz orada vaxtilə hansısa demoqrafik partlayış baş verib. Qusman həmişə süfrə başında o küçəni xatırlayır, İsgəndər Xəlilov da elə bil oradandır. Telman İsmayılov, deyəsən, orada böyüməyib, lakin onsuz da deyirlər ki, o, Montindəndir", - deyə parodiyaçı bildirib.
Qeyd olunduğu kimi, Qalkin bu konsertinə də əsaslı şəkildə hazırlaşıb. Və sevindirici haldır ki, o, bütün informasiyalardan, hətta avtomobilin pəncərəsindəki görünüşdən də istifadə edib. "Sizdə Bakıda həyat elə sakit və tələsmədən gedir ki, hətta tıxaclar da axşama yaxın yaranır. Mən avtomobili park edənin kürəyində üç hərf - BŞX gördüm. Və o, özünü də BŞX kimi aparırdı. O biləndə ki, mən bu hərflərin Bakı şəhər xidməti demək olduğunu bilirəm, çox təəccübləndi".
Əgər Qalkin Bakıya konsert vermək üçün gəlirsə, Azərbaycan bölgələrinə yalnız bunun üçün gəlmir. Dediyinə görə, o, Qubaya ("Fidelin təqaüdə çıxmasını gözləyən Azadlıq adası", - deyə M.Qalkin zarafat edib) yeniyetməlik və sünnət tədbirlərini aparmaq üçün gəlib. Yeri gəlmişkən, o, tədbirlərdən birində Aygün Kazımova və Namiq Qaraçuxurlu ilə tanış olub. Düzdür, parodiyaçı meyxanaçının soyadını tələffüz edə bilməyib: "Onun hind soyadı var. Bilirdim ki, Azərbaycanda çoxlu yəhudilər yaşayır, lakin burada o qədər hindlilərin yaşadığını mənə heç kim deməyib", - deyə Maksim gileylənib.
Qalkin Saraydakı konsertdə eksklüziv də - parodiyaçının Bakıya gəlməsindən bir gün əvvəl Aleksey Tsapikin yazdığı tamamilə yeni əsər təqdim edib. Təbii ki, o, hələ heç yerdə əsəri oxumayıb. Birinci oxunuş yaxşı keçdi. Çox uğurlu nömrə oldu.
Bəli, əlbəttə, konsertdə hər şey rəvan olmadı. Təəssüf ki, 2004-cü ildə olduğu kimi onun gəlişindən əvvəlki eyforiya olmadı. O zaman bu, böyük hadisə idi, indi isə artıq normal hadisədir. Məhz bu səbəbdən bu dəfə zalda az da olsa boş yerlər var idi. Sonra hər halda yeniliklər köhnələrdən, yəni yaxşılardan bir qədər az idi. Qalkin ilk gəlişində xeyli musiqili parodiya göstərib, indi isə onların sayı xeyli az idi. Və nəhayət, Qalkinin İlham Əliyev haqqında dediyi lətifə heç bir təsir buraxmadı. İş bunda deyil ki, lətifə onun haqqında idi. Sadəcə olaraq, 2004-cü ildə lətifədə Əliyevin rolunu Putin oynayırdı...
Maksim Qalkin konsertə qədər müsahibədən imtina etdi və çox sürətlə öz qrim otağına getdi. Lakin artıq çıxışdan sonra jurnalistlərin suallarına cavab verməyə məcbur oldu. Maksim Trend in müxbirinə bunları deyib:
- Maksim, konsertdən sonra hansı təəssüratlarınız var?
- Ötən dəfə olduğu kimi - çoxlu müsbət emosiya var. Tamaşaçılar məni çox yaxşı qəbul etdi, prinsipcə, mən heç buna şübhə də etmirdim. Ümumiyyətlə, Bakı mənim çox xoşuma gəlir. Mənə bu şəhər haqqında çox danışıblar. Axı mən uşaqlıqda heç vaxt burada olmamışam və ilk dəfə bura iki il bundan əvvəl konsert verməyə gəlmişəm və Bakının gözəlliyinə valeh olmuşam.
¬- Siz Bakıdakı çıxışınıza nə qədər vaxtda hazırlaşmısınız? Sizin konsertinizə baxsaq, az hazırlaşmamısınız...
- Məsələn, keçən dəfə mən xalq arasında ən populyar nağıllarla tanış olmaq üçün xüsusilə Azərbaycan nağılları kitabını istədim. Lakin mənim bu gün istifadə etdiyim bəzi detalları mənə tanıdığım azərbaycanlılar danışıb.
- Nə üçün siz Azərbaycanın hansısa tanınmış şəxslərini parodiya etmirsiniz?
- Kimi, məsələn?
- Polad Bülbüloğlunu, Müslüm Maqomayevi, Rusiyada yaşayanları...
- Onlar çox tanınmış və mənim hörmət etdiyim insanlardır. Bəli, mən onları parodiya etmirəm. Lakin, məsələn, mən bilirəm ki, Polad Bülbüloğlu onun parodiya edilməsini sevmir.
Təəssüf ki, daha onunla danışa bilmədik, o, ya restorana, yada mehmanxanaya tələsirdi. Bir sözlə, Heydər Əliyev adına saraydan çıxarkən o, çox şübhəli 007 nömrəsi olan (xüsusilə də bu yaxınlarda Ceyms Bond haqqında yeni filmin dünya premyerası fonunda) çox qəşəng Rolls Roysa mindi (halbuki Qalkinin rayderində bu maşın yoxdur, onu parodiyaçıya qastrol təşkilatçıları təqdim ediblər) və getdi. Maraqlıdır, Qalkin gələn dəfəki gəlişi üçün Azərbaycan dilində hansı söz və ifadələri öyrənəcək?..