...

Millət vəkili: "AŞ PA komitəsinin iclasında Cənubi Qafqazda itkin, əsir və girovlarla bağlı məruzə müzakirə olunacaq"

Siyasət Materials 8 Yanvar 2007 12:51 (UTC +04:00)
Millət vəkili: "AŞ PA komitəsinin iclasında Cənubi Qafqazda  itkin, əsir və girovlarla bağlı məruzə müzakirə olunacaq"

"Əgər hər hansı texniki problem ortaya çıxmasa, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində qurumun Miqrasiya, qaçqınlar və məskunlaşma Komitəsinin iclası keçiriləcək və iclasda hollandiyalı deputat Leo Platvoetin Cənubi Qafqazda itkin düşən, əsir və girov götürülənlərlə bağlı məruzəsi müzakirə olunacaq." Bu barədə Trend ə açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

Xatırladaq ki, Leo Platvoetin məruzəsinin əvvəlki variantı Azərbaycan tərəfini qane etmirdi və rəsmi Bakı sənədə öz etirazını bildirmişdi. Dekabrın 11-də AŞ PA-nın Miqrasiya, qaçqınlar və məskunlaşma Komitəsinin iclasında məruzə növbəti dəfə müzakirə olunub. Həmin iclasda Azərbaycanı millət vəkili Aydın Mirzəzadə təmsil edib və onun irəli sürdüyü təklif və iradlar məruzəçi tərəfindən nəzərə alınıb. Məruzənin son variantı Azərbaycanı qane edir.

A.Mirzəzadə qeyd edib ki, bu məsələ AŞ PA-nın gündəliyindədir: " Qurumun yaz və ya yay sessiyasında bu məruzənin müzakirə olunacağı gözlənilir" - deyə millət vəkili bildirib.

Bundan başqa AŞ PA-nın qış sessiyasında Ermənistanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər müzakirə olunacaq. A.Mirzəzadənin sözlərinə görə, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri, o cümlədən onun özü bu məsələnin müzakirəsinə yazılıblar.

"Çıxışlarımızda itkin düşən, əsir və girov götürülən şəxslərin məsələsinə də toxunacağıq. Çünki Leo Platvoetin məruzəsində açıq-aydın yazılıb ki, Ermənistan-Azərbaycan münaqişəsi insanların itkin düşməsinə, əsir və girov götürülməsinə səbəb olub" - deyə millət vəkili əlavə edib.

Xəbər lenti

Xəbər lenti