...

Parisdə AŞ PA-nın Qadın və kişilər üçün bərabər imkanlar Komitəsinin iclası keçirilib

Siyasət Materials 15 Yanvar 2007 20:17 (UTC +04:00)
Parisdə AŞ PA-nın Qadın və kişilər üçün bərabər imkanlar Komitəsinin iclası keçirilib

Yanvarın 15-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Qadın və kişilər üçün bərabər imkanlar Komitəsinin iclası keçirilib. Bu barədə Trend ə ekzklüziv açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, iclasda ölkəmizi təmsil edən millət vəkili Elmira Axundova məlumat verib.

Onun sözlərin görə, iclasda rusiyalı deputat Vera Oskinanın Cənubi Qafqazda qadınların vəziyyətinə dair hazırladığı məruzə müzakirə olunub. E.Axundova qeyd edib ki, komitənin iclası 4 saata yaxın davam edib.

"Mən müzakirə olunan sənədə altı mühüm düzəliş edilməsi ilə bağlı təklif hazırlamışdım. Onlardan beşini həm komitə üzvləri, həm də məruzəçi qəbul etdi. Bu düzəlişlər qətnamənin mətninə daxil olundu. Onu da deyim ki, komitənin iclası dörd saat davam etdi və bu müddətin iki saatı mənim irəli sürdüyüm düzəlişlərin müzakirəsinə həsr olundu. Mənə bildirdilər ki, komitənin son illərdə keçirilən iclaslarında belə hal qeydə alınmayıb" - deyə Elmira Axundova vurğulayıb.

Millət vəkili qeyd edib ki, sənəddə əks olunan maddələrin xeyli dərəcədə yumuşaldılmasına nail olub: "Məsələn, orada yazılıb ki, Cənubi Qafqazda qadınların vəziyyəti həddən artıq narahatçılıq doğurur. Mən "həddindən artıq" sözünü çıxara bildim. Sonra yazılırdı ki, qadınların ictimai və siyasi həyatda iştirakı çox zəifdir. "Çox zəifdir" sözünü çıxardım və yazdım ki, müəyyən dərəcədə zəifdir."

Bundan başqa, sənəddə tövsüyə olunurdu ki, 2010-cu ilə parlamentdə qadınların sayı 15 faizə, 2020-ci ildə isə 30 faizə qaldırılsın. Lakin E.Axundova qeyd edib ki, Azərbaycanda seçkilər proporsional seçki sistemi üzrə keçirilmir və heç kimi məcbur etmək olmaz ki, hansısa siyahılara qadınları daxil etsinlər. Çünki siyasi partiyalar seçkilərdə partiya siyahısı ilə iştirak etmirlər və SSRİ dövründə olduğu kimi kvota da yoxdur. Ona görə də bu təklifin həyata keçirilməsi real deyil: "Təklif etdim ki, bu maddə sənəddən çıxarılsın. Bunun müqabilində Cənubi Qafqazın hər üç ölkəsinə tövsüyə olunsun ki, qadınların parlamentdə daha aktiv iştirakını təmin etsirlər. Bu təklifim qəbul olundu."

Bölgədə olan qaçqın qadınların vəziyyəti ciddi müzakirələrə səbəb olub. Belə ki, sənəddə ancaq mənfi hallar qeyd olunmuşdu. E.Axundovanın sözlərinə görə, orada qeyd olunub ki, Cənubi Qafqazda qaçqınlar problemi var, qadınlar və uşaqlar çadır şəhərciklərində, vaqonlarda yaşayır və beynəlxalq təşkilatlara müraciət olunur ki, bu problemi həll etsinlər. "Bu maddələr bizim xeyrimizədir. Amma mən dedim ki, Azərbaycanda və Gürcüstanda dövlət bu problemin həlli üçün böyük addımlar atır. Qaçqın düşərgələri ləğv olunur. Biz müsbət məqamları qeyd etməliyik. Sonda biz bu maddəni qətnaməyə sala bildik. Mən bunu böyük nailiyyət hesab edirəm. Həm özümün, həm də Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin nailiyyəti", - deyə o qeyd edib.

Bundan başqa Vera Oskinanın məruzəsi geniş müzakirə olunub. Məruzənin bir il əvvəl yazıldığını deyən millət vəkili hesab edir ki, bu müddət ərzində xeyli irəliləyiş əldə olunub. Ona görə də məruzədə dəyişiklik etmək lazımdır. Məruzəçi bu təklifləri qəbul edib.

Sənəddə islah-əmək müəssələrində olan qadınların vəziyyətinə də toxunulur. Bununla bağlı qeyd olunub ki, islah-əmək müəssələrində olan qadınların şəraiti qeyri-məqbuldur. Ona görə də sənəddə təklif olunur ki, hər bir məhbus qadına heç olmasa axşamlar yatmaq üçün ayrıca kameralar verilsin. "Mən dedim ki, bu yaxşı təklifdir. Amma real deyil. Mən istəyirdim ki, ora "imkan daxilində" sözü yazılsın. Bu isə qəbul olunmadı", - deyə Elmira Axundova bildirib.

Xəbər lenti

Xəbər lenti