Azərbaycan, Bakı/müxbir Trend S. Ağayeva/İdeoloji təbliğatın vacib yer tutduğu müasir dünyada Heydər Əliyev Fondu beynəlxalq ictimaiyyətin diqqətinə Azərbaycan həqiqətlərini, Ermənistan-Azərbaycan münaqişəsinin əsil mahiyyətinin çatdırılmasına böyük əhəmiyyət verir.
Fondun məlumatına əsasən, bu məqsədlə Heydər Əliyev Fondu 23 fevraldan başlayaraq aprel ayına qədər Avropada Xocalı soyqırımı həqiqətlərini təqdim etmək üçün geniş miqyaslı tədbirlərə başlayır. XX əsr Azərbaycan tarixinin qanlı səhifəsi - Xocalı soyqırımının 15-ci ildönümü ərəfəsində Fond yeni layihə həyata keçirir. Layihə çərçivəsində 10 Avropa dövlətinin 15 şəhərində Xocalı faciəsinə həsr olunmuş tədbirlər silsiləsi təşkil edəcək. Tədbirlər Almaniya, Fransa, Rusiya, Türkiyə, Gürcüstan, Belçika, Rumıniya, İsveçrə, Macarıstan, Çexiya və Avstriyada keçiriləcək.
Tədbirlər proqramına Fondun hazırladığı "Xocalı soyqırımı" filminin nümayişi daxildir. Film ingilis, rus və türk dillərində nümayiş etdiriləcək. Tədbir iştirakçıları Xocalıda erməni silahlı qüvvələrinin törətdiyi rəhmsizliyin əks olunduğu foto-ekpozisiya və bu faciə haqqında müxtəlif illərdə xarici ölkələrdə nəşr olunmuş materiallarla tanış olacaq.
Tədbirlərdə həmçinin "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsində seçilmiş internat və uşaq evlərində təhsil alanların 50 işi nümayiş etdiriləcək. Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa, Lidis, Tbilisi, Sankt-Peterburqda bu cür miqyaslı tədbirlərin keçirilməsi soyqırım haqqında daha obyektiv və həqiqi məlumat əldə etməyə imkan verəcək.
Xatırladaq ki, Azərbaycan reallıqlarının təbliğatı işi "Azərbaycan" portalının yaranması ilə başlayıb. İnternet şəbəkəsində geniş informasiya bazasına malik portal Fond tərəfindən 2005-ci ildə yaradılıb. Portalda Qarabağ müharibəsi; Ermənistanın Azərbaycana qarşı təcavüzü; zəbt olunmuş torpaqlarda əhaliyə qarşı amansızlıq; tarixi-memarlıq abidələrinə qarşı vandalizm öz əksini tapıb.
Portalda Xocalı soyqırımı ayrı bölmədə təqdim olunub. Bölmədə erməni təcavüzkarları tərəfindən Xocalıda törədilmiş soyqırım haqda məlumatla yanaşı, qanlı faciəni əks etdirən fotoşəkillər yerləşdirilib.
Geniş auditoriyanın diqqətinə Qarabağ müharibəsi haqda obyektiv məlumatın çatdırılması, bu mövzuda poliqrafiya nəşrlərinin yayılması məqsədilə davamlı iş həyata keçirilir. "Qarabağ həqiqətləri" bukletlər məcmuəsi kiçik formatda Qarabağın tarixi, münaqişənin başlanğıcı, Xocalı soyqırımı, Xocalı soyqırımının nəticələri, Azərbaycana qarşı erməni torrorçularının fəaliyyəti barədə konkret olaraq məlumat əldə etməyə imkan verir. Toplum məcmuəsi ingilis, fransız, rus, alman və macar dillərində nəşr olunub və bir sıra dövlətlərə yayılıb. Hazırda bu nəşrin başqa dillərə tərcüməsi üzərində iş davam etidirilir.
Bu rubrikanın digər nəşrləri - Qarabağ müharibəsinin faciələri, tarixi-abidələr və müqəddəs yerlərin məhv edilməsi barədə olan "Azərbaycanın üzləşdiyi müharibə: Mədəni irsə tuşlanma" və "Ziyafətlər və müharibələr" kitablarıdır.