Rusiya, Moskva / Trend müxbir R.Ağayev/ Azərbaycan-Rusiya münasibətləri heç də ən yaxşı dövrünü yaşamır. Bu barədə Trend ə Siyasi və hərbi təhlil institutunun millətlərarası münasibətlərin problemləri şöbəsinin müdiri, politoloq Sergey Markedonov bildirib.
O qeyd edib ki, hazırda Rusiya və Azərbaycan arasında həm "qaz" məsələsində bəzi ixtilaflar, həm də ikitərəfli münasibətlərdə başqa problemli sahələr var. Bu, Ermənistan və Dağlıq Qarabağdır. Onun fikrincə, Rusiya və Ermənistanın strateji tərəfdaşlığı Azərbaycanda müəyyən narazıçılığa səbəb olur və Bakıda daha çox azərbaycanyönümlü mövqelərin olmasını gözləyirlər. Digər tərəfdən, politoloq hesab edir ki, Azərbaycanın ABŞ-la tərəfdaşlığının strateji xarakteri ilə bağlı da narazıçılıqlar var.
"Ötən il prezident İlham Əliyev ABŞ-da olub və Azərbaycan Türkiyədən sonra Vaşinqtonun islam müttəfiqi adlandırılan ikinci ölkədir. Bu da Moskvada müəyyən qıcıqlanma yaradır. Beləliklə, qaz problematikası -Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətləri ağırlaşdıran yeganə səbəb deyil", - deyə Sergey Markedonov qeyd edib.
Politoloqun fikrincə, postsovet dövrundə Rusiya və Azərbaycan arasında münasibətlər mürəkkəb dinamikaya məruz qalıb və onlar yalnız 90-cı illərin sonu- 2000-ci ilin əvvəlində yaxşılaşıb. Sergey Markedonov əmindir ki, V.Putin bu münasibətlərin yaxşılaşmasını öz nailiyyətlərindən biri kimi nəzərdən keçirib. "Putin - ilk Rusiya prezidentidir ki, Bakıda olub, ilk Rusiya prezidentidir ki , Şəhidlər Xiyabanında olub, bu isə hər bir azərbaycanlı üçün çox mühümdür. Və birdən bu münasibətlər əhəmiyyətli dərəcədə pisləşdi. Elə düşünürlər ki, münasibətlərin sonuncu dəfə pisləşməsi bir neçə aspektdən asılıdır. Birincisi və ən vacibi budur ki, Rusiya Azərbaycanın həyatında bəzi siyasətdaxili xüsusiyyətləri həddindən artıq şişirdib və hesab edib ki, əgər Azərbaycanda "narıncı inqilab" olmayıbsa, bu o deməkdir ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı maraqlarına görə hansısa maraqlarını qurban verə bilər, bu zaman Gürcüstan üzrə mövqe nəzərdə tutulur. Mənim fikrimcə, sonuncu soyuma formal olaraq Gürcüstana görə başlayıb. Mənə elə gəlir ki, hamı Azərbaycanın son dərəcə amerikayönümlü olmasa da, son dərəcə rusiyayönümlü ola bilməyəcəyi ilə bağlı vəziyyəti anlamır. Azərbaycanın bu və ya digər tərəfə meyl etməsinin obyektiv məhdudlaşdırıcıları var. O, İrana görə amerikayönümlü ola bilməz, çünki ABŞ Azərbaycanı sadəcə olaraq öz siyasətinə tərəf çəkər. Və rusiyayönümlü də ola bilməz, belə ki, Ermənistan, Qarabağ və s. problemlər var", - deyə Sergey Markedonov hesab edir.
"Rusiyaya həm Azərbaycanla, həm də Ermənistanla yaxşı və çox yaxşı münasibətlərin olması lazımdır. Ermənistan - bizim strateji müttəfiqimizdir, orada Rusiyanın hərbi bazaları var və siyasi təsir çox ciddidir. Bu halda Azərbaycanla da dostluq etmək lazımdır, çünki o, islam mədəniyyətinə aid olan dünyəvi ölkədir, o, bizimlə həmsərhəd olan ölkədir. Bu gün praqmatizm əsasında həm Bakı, həm də Yerevanla münasibətlər qurmaq və bizim hansı sahələrdə və harada əməkdaşlıq edə biləcəyimizi dəqiq surətdə anlamaq lazımdır", - deyə politoloq qeyd edib.
Sergey Markedonov həmçinin xüsusilə vurğulayıb ki, Rusiya -Azərbaycan münasibətlərinin yaxşılaşması üçün Azərbaycanı Rusiya kimi Gürcüstan əleyhinə olmağa məcbur etmək lazım deyil və Rusiya və Azərbaycanın bu məsələyə müxtəlif yanaşmasının olduğunu etiraf etmək lazımdır. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında Rusiyanın öz mövqeyini tamamilə dəyişməsi lazım deyil. "Mən hesab edirəm ki, təmkinli, ölçülüb biçilmiş fikir olmalıdır və bu fikir iki tərəfin özlərinin hər hansı etimad sahəsi axtarmasına əsaslanmalıdır. Biz sizin əvəzinizə razılaşıb, problemi həll edə bilmərik", - deyə Sergey Markedonov bildirib.