...

ABŞ dövlət katibinin müavini: Bakı-Tbilisi-Ərzurum boru kəmərinin genişləndirilməsi strateji əhəmiyyətə malikdir

Siyasət Materials 16 Mart 2007 15:06 (UTC +04:00)

Corc Buş adminstrasiyası fəal olaraq Rusiyanın Qazprom şirkətinin boru kəmərinə alternativ olacaq Avropada yeni qaz kəməri infrastrukturunun yaradılması üzrə bir neçə qaz layihəsində iştirak edir. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya ölkələri üzrə müavini Deniel Frid bəyan edib.

"Bu qaz layihələrinin inkişafından asılı olaraq, onlar "cənub dəhlizi" olacaq və Qazpromun Şimali Avropada olan və genişlənən böyük qaz kəməri şəbəkəsinə ədalətli və şəffaf rəqabət təklif edəcək", - ABŞ dinləmələrində dünən Frid məlumat verib. "Cənub dəhlizi Avrasiyanın strateji xəritəsini dəyişəcək, Avropaya təbii qazın böyük həcmdə çatdırılması üçün daha yaxşı ümid verəcək. Bu həcm bir tədarükçü və ya bir şəbəkədən artan asılılıqdan yaxa qurtarmaq və diversifikasiyanı təmin etməyə imkan verəcək", - ABŞ dövlət katibinin müavini vurğulayıb. Onun sözlərinə görə, "bu möhtəşəm strateji səylərin" mərkəzi Türkiyə olacaq.

Frid xatırladıb ki, ABŞ-ın dəstəyi ilə 2006-cı ilin iyulunda işə düşmüş və bir neçə il ərzində "sutkada bir milyon barrel ötürücülük qabiliyyətinə çatdırılacaq" Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq tikilib və fəaliyyət göstərir.

Yaxın zamanlarda Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşəcək. Bu kəmər vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazı çatdırılacaq, - deyə diplomat bildirib. Başqa layihələr sırasında o, Bosfor boğazından keçməklə Türkiyənin Qara dəniz sahilindən Ceyhan Aralıq dənizi limanına qədər neftin çatdıralacağı Samsun-Ceyhan neft kəmərinin adını çəkib. "Bu, konkret layihədir, ola bilsin ki, artıq kommersiya cəhətdən cəlbedici ola bilər", - deyə dövlət katibinin müavini bildirib. "Biz indi yeni investisiyalar ərəfəsindəyik, bu investisiyalar Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinə əsaslanacaq və Avroatlantika birliyinə enerji təhlükəsizliyini möhkəmləndirməyə kömək edəcək", Frid bəyan edib.

O bildirib ki, Qazaxıstandakı neft şirkətləri hazırda məhsullarını tankerlər vasitəsilə Xəzər dənizi vasitəsilə Bakı-Tbilisi-Ceyhan boru kəmərinə qədər çatdırmaq üzrə danışıqlar aparır. Bu da boru kəməri vasitəsilə ötürülən həcmi 80% artıracaq. "Ola bilsin ki, qazın hasili və Azərbaycandan ixrac olunması hesabına Bakı-Tbilisi-Ərzurum boru kəmərinin genişləndirilməsi perspektivi daha çox strateji əhəmiyyətə malikdir", deyə Amerika diplomatı qeyd edib. Onun sözlərinə görə, Buş adminstrasiyası bu və digər istiqamətlərdə fəal iş aparır: "Hazırda biz şirkət və hökumətlərlə Azərbaycana qaz istehsalını 2012-2014-cü illər üçün artırmasına, Türkiyə-Yunanıstan-İtaliya marşrutu üzrə yaradılan qaz kəmərini doldurmasına kömək etmək üçün işləyirik. Perspektivdə hələ Türkiyə, Bolqarıstan, Rumıniya və Avstriyanı birləşdirəcək Nabucco qaz kəməri də var", deyə Frid bildirib.

Onun sözlərinə görə, gələcəkdə Qazaxıstandan Türkiyəyə çəkiləcək Transxəzər qaz kəməri Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə birləşdiriləcək.

"Biz, həmçinin Ankara və Bağdadla İraqın şimalında qazın hasilinin işlənməsi və Türkiyədən Avropaya ixracı üçün üçtərəfli danışıqlara başlamışıq", deyən diplomat qeyd edib ki, onun sadaladığı bütün layihələr "cənub dəhlizinin" əsas tərkib hissəsi olacaq və bu da Qazprom şəbəkələrinə rəqib olacaq. Bu barədə RİA Novosti məlumat verib.

Xəbər lenti

Xəbər lenti