...

Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq üzrə İş Planı imzalanacaq

Siyasət Materials 14 May 2007 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Silahlı Qüvvələri ilə ABŞ-ın Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı imzalanacaq. Bu barədə Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələrinin ildönümü münasibətilə ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Dersinin öz iqamətgahında təşkil olunan ziyafətdə çıxışı zamanı məlumat verib.

Nazirin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin bütün növləri ABŞ-ın Silahlı Qüvvələrinin bütün növləri ilə əməkdaşlıq edir. "Azərbaycan Hərbi Hava Qüvvələrinin bir aerodromunun, Çavuş Hazırlığı Məktəbinin, Sülh Naminə Tərəfdaşlıq Mərkəzinin təkmilləşdirilməsi. Simulyasiya və Modelləşmə Mərkəzinin yaradılması, həmçinin sülhməramlı qüvvələrin hazırlanması sahələrində amerikalı həmkarlarımızla əməkdaşlığımız uğurla davam edir" - deyə Əbiyev bildirib. Nazirin sözlərinə görə, Xəzər dənizində strateji maraqların təmin edilməsi və transmilli təhlükələrin qarşısının alınması istiqamətində də iki ölkə arasında əməkdaşlıq həyata keçirilir.

Ermənistanın işğalçılıq siyasətinə toxunan Əbiyev deyib ki, Azərbaycanın işğal olunan ərazilərində külli miqdarda nəzarətsiz və qeydiyyatsız silah, hərbi texnika yerləşdirilib. "Buna sübut kimi qeyd etmək istəyirəm ki, bu günlərdə işğal olunmuş ərazilərdə həmin hərbi texnika nümayiş etdirilib. Bu da Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilənin pozulmasıdır" - deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti