Azərbaycan, Bakı /müxbir Trend S.Ağayeva/Latviyada azərbaycanlılar üçün bazar günü məktəbi açılır. Məktəb Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi ilə Azərbaycanın diaspor təşkilatı - "Ocaq" cəmiyyətinin səyləri nəticəsində yaradılıb. Bu barədə çərşənbə günü telefon vasitəsilə Riqadan Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov məlumat verib.
Məktəbin informasiya texnologiyaları ilə təchiz olunmasını Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi təmin edib. Nazirlik məktəbin istifadəsinə Latviyada yaşayan diasporun maraqlarını təmin edəcək kompüterlər və bir sıra digər texnika təqdim edib, deyə səfir məlumat verib.
Bu gün axşam keçiriləcək açılış mərasimində Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iştirak edəcək, deyə diplomat bildirib.
Məktəb Latviya hökumətinin respublikada yaşayan milli azlıqlarla bağlı proqramı çərçivəsində yaradılıb.
Səfirin sözlərinə görə, hazırda səfirlik və İnteqrasiya Nazirliyinin məlumatlarına əsasən, Latviyada təxminən 1750 etnik azərbaycanlı yaşayır.