...

Müxalifət partiyası Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşır

Siyasət Materials 9 Avqust 2007 14:26 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir İ.Əlizadə / Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) qərargah problemi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edəcək. Bu barədə cümə axşamı Bakıda AXCP sədrinin müavini Fuad Mustafayev məlumat verib.

Onun sözlərinə görə, Avropa Məhkəməsinə müraciət etmək üçün ilk öncə Azərbaycan məhkəmələrində lazım olan prosedurları keçəcəklər.

"Hazırda Ali Məhkəməyə müraciət etmək üçün sənədləri hazırlayırıq. Amma Ali Məhkəmənin məsələ ilə bağlı ədalətli qərar qəbul edəcəyini gözləmirik. Bizim əsas məqsədimiz İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək üçün prosedur qaydaları keçməkdir" - deyə Mustafayev əlavə edib.

O qeyd edib ki, Avropa Məhkəməsinə AXCP ilə yanaşı, Xəqani küçəsi 33 ünvanından çıxarılan "Azadlıq" qəzeti, "Turan" agentliyi və digər təşkilatlar da müraciət edəcək.

AXCP 1993-cü ildən "Azadlıq" qəzetinin Xəqani küçəsi 33 ünvanındakı redaksiya binasında yerləşmişdi. 2006-cı ilin noyabrında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin iddiası əsasında Səbail Rayon Məhkəməsi Xəqani küçəsi 33 ünvanının boşaldılması haqda qərar qəbul edib və bütün təşkilatlar həmin ünvandan çıxarılıb. AXCP hazırda partiya üzvlərinin mənzillərində fəaliyyət göstərir və partiyanın daimi qərargahı yoxdur.

Qeyd edək ki, müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Xəbər lenti

Xəbər lenti