Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Ermənistanla sərhədlərini açmalı, iqtisadi, diplomatik əlaqəlr qurmalıdır. Bu fikirləri Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev cümə günü Trend ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, partiyası bölgəyə dair gepoloitik araşdırma aparıb və Qarabağ münaqişəsinin nizamlanmasına dair təkliflər paketi hazırlayıb. Təkliflər paketinə dair sentyabrın 11-də dəyirmi masa keçiriləcək və Yaşıllar Partiyasının münaqişənin həlli ilə bağlı mövqeyi açıqlanacaq.
Güləliyev qeyd edib ki, təkliflər sənədi, əsasən, Qarabağ münaqişəsinin iqtisadi, sosial-siyasi yollarla həllini nəzərdə tutur. Sənəddə Azərbaycan iqtisadiyyatının, neft gəlirlərinin təhlili verilir, həmçinin beynəlxalq maliyyə institutlarının, xarici dövlətlərin, beynəlxalq təşkilatların münaqişəyə münasibəti, maraqları analiz edilir.
Güləliyev münaqişənin hərbi yolla həllini isə mümkünsüz sayır və bu variantın reallaşmasını tamamilə istisna edir. Onun fikrincə, münaqişənin hərbi yolla həllini yalnız, hakimiyyətin dəyişməsi üçün, Azərbaycan müxalifəti istəyir.
"Müxalifət başa düşür ki, yaxın illərdə seçki yolu ilə hakimiyyətə gələ bilməyəcək. Ona görə də hakimiyyətin devrilməsini istəyən qüvvələr çalışırlar ki, iqtidar müharibə yoluna əl atsın və onlar,yaranacaq vəziyyətdən istifadə edərək, dərhal hakimiyyət dəyişikliyinə nail olsunlar. Çünki müharibə olacağı təqdirdə, beynəlxalq təşkilatlar da hakimiyyətin dəyişməsinə çalışacaqlar, hətta NATO qoşunları dərhal Azərbaycanı vuracaq"-deyə partiya sədri açıqlama verib. Onun fikrincə, Kosovo ilə Qarabağ münaqişələri tamamilə eyni problemlərdir və Kosovoda törədilənlər eyni ilə Azərbaycanın da başına gətiriləcək.
Bu səbəblərə görə müharibə variantını mümkünsüz sayan Güləliyev bildirib ki, münaqişə yalnız dinc yolla nizamlanmalıdır, bu isə Azərbaycan hakimiyyətinin bütün öhdəliklərini yerinə yetirməsindən keçir: "Biz hakimiyyətin Azərbaycan ictimaiyyəti, müxalifəti, QHT-ləri, beynəlxalq təşkilatlar qarşısında hansı vəzifələri yerinə yetirməli olduğunu təkliflər paketində göstərmişik. Bütün bu vəzifələrini yerinə yetirdikdən və iqtisadiyyatını gücləndirdikdən sonra Azərbaycan Ermənistanı da iqtisadi blokadadan çıxarmalı və iqtisadi tellərlə özünə bağlamalıdır. Bu zaman Ermənistan daha çox asılı vəziyyətə düşəcək"-deyə Güləliyev bildirib.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağ onun və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.