Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan dövləti ölkədə vəhabiliyi qadağan etmək niyyətində deyil. Bu barədə cümə axşamı Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov məlumat verib.
"Vəhabilik Azərbaycan üçün ciddi təhlükə törətmir", - deyə Komitə sədri bildirib.
Son günlər Azərbaycanın hüquq-mühafizə orqanları vəhabilərə qarşı bir neçə əməliyyat keçirib. Şəki şəhərində keçirilən əməliyyat nəticəsində, ölkədə qeyri-qanuni dini təbliğatla məşğul olan şəxs həbs olunub, onun evində silah və qadağan olunmuş dini kitablar aşkar olunub, Qusarda isə, vəhabiliyi təbliğ etməkdə şübhəli bilinən şəxsin həbs olunması üçün keçirilən əməliyyat iki polis əməkdaşının yaralanması ilə nəticələnib. Bundan başqa, Azərbaycanda vahabilərin geniş təbliğat şəbəkəsi qurduqlarına dair məlumatları var.
Orucov qeyd edib ki, vəhabilik bir sıra ölkələrdə qadağan olunub. Bu isə, vəhabiliyin həmin dövlətlər üçün ciddi təhlükə yaratması ilə bağlıdır: "Həmin ölkələrdə vəhabiliyin radikal ekstremist qanadları fəaliyyət göstərirdi və ciddi təhlükə yaradırdı. Ona görə də, həmin ölkələr düzgün addım ataraq, vəhabiliyi qadağan ediblər. Azərbaycanda isə belə bir təhlükə yoxdur".
Hüquq-mühavizə orqanlarının Şəki və Qusarda keçirdiyi əməliyyatlara münasibət bildirən Komitə sədri deyib ki, bu əməliyyatlar qanunsuz silahların yığılması, ictimai-siyasi sabitliyi və ictimai asayişi pozmağın, dini sabitliyi qoruyub saxlamaq, cinayət və qeyri-qanuni hərəkətlərin qarşısını almaq xarakteri daşıyır. Ona görə də, bunu vəhabilərə qarşı xüsusi əməliyyat kimi qiymətləndirmək olmaz: "Bizi maraqlandırmır ki, onlar hansı dinə, təriqətə məxsusdurlar. Bəzi hallarda cinayət törədən özünün dini etiqadını qabardaraq, ona qarşı görülən tədbirləri dini etiqadı ilə əlaqələndirmək istəyir. Belə fikirlərin isə, heç bir əsası yoxdur".