Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Bakının Nərimanov rayonu ərazisində bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnmiş binanın uçması ilə bağlı başlanmış cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Avqustun 1-də saat 18.30 radələrində Bakının Nərimanov rayonu ərazisində, Əhməd Rəcəbli küçəsində inşa edilən "Ofis və ticarət" binasının 3-cü mərtəbəsinin tavanının çökməsi nəticəsində, tikintidə işləyən Eldar Əliyev ölüb, digər fəhlələr Amil Muradov, Şəfa Alıyev və Əli Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həmin faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan insan ölümü ilə nəticələnən texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməməsi (162.2-ci) maddəsi ilə cinayət işi başlanılıb.
Nərimanov rayon prokurorluğundan bazar ertəsi Trend ə bildirilib ki, həmin hadisə ilə bağlı binanın tikintisini həyata keçirən Yusif Quliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və ona, ehtiyatsızlıqdan insan ölümü ilə nəticələnən texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməməsi maddəsi ilə ittiham elan olunub.
Cinayət işinə Nərimanov rayon məhkəməsi baxacaq.
Binanın tikintisinin aparılması üçün bu il aprelin 10-da fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Teymur Şabayev və ixtisasca tikinti mühəndisi olan Yusif Quliyev arasında podrat müqaviləsi bağlanıb.
İstintaqla müəyyən edilib ki, texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Yusif Quliyev, bu qaydalara ciddi riayət edilməsinə lazımi tələbkarlıq göstərməyib , əsasən. günəmuzd olaraq inşaat işlərinə cəlb edilmiş fəhlələrə işə qəbul zamanı texniki təhlükəsizlik qaydaları izah edilməyib, o cümlədən, bu məsələlərə dair təlimatlar keçirilməyərək, qeydiyyat jurnalı tərtib olunmayıb və müvafiq qeydiyyat aparılmayıb. Nəticədə, avqustun 1-də binanın 3-cü mərtəbəsinin tavanında betontökmə işləri aparılarkən, tavan ucub.
Bu hadisədən sonra "Neapol" İstirahət Mərkəzinə məxsus bina və Murtuza Muxtarov küçəsində inşa olunana hündürmərtəbəli bina uçub. Hər iki hadisə nəticəsində çoxlu insan tələfatı olub.