...

Azərbaycanda ailələrin yetmiş faizdən çoxunda zorakılıq faktları var - psixoloq

Cəmiyyət Materials 30 Noyabr 2007 14:34 (UTC +04:00)
Azərbaycanda ailələrin yetmiş faizdən çoxunda zorakılıq faktları var - psixoloq

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Azərbaycanda ailələrin yetmiş faizdən çoxunda mənəvi, psixoloji, fiziki zorakılığa məruz qalanlar var və onların hüquqlarını müdafiə edəcək institut olmadığından susmaq məcburiyyətindədirlər.

Bu barədə cümə günü Trend ə Qadın Krizis Mərkəzinin psixoloqu Azad İsazadə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsinə münasibət bildirərkən deyib. Azərbaycan Parlamentinin Sosial syasət məsələləri daimi komissiyası cümə axşamı "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsinin müzakirəsini aparıb.

Qanun layihəsi ailələrdə baş verən məişət zorakılığı hallarının aradan qaldırılmasına polis və məhkəmə orqanları tərəfindən müdaxiləni, zorakılıq törədən və ya zorakılığa məruz qalan şəxsin üç ay müddətinə ailədən təcrid olunmasını nəzərdə tutur.

Layihə ətrafında kəskin fikir ayrılıqları olub. Millət vəkilləri və ekspertlər münaqişəli ailələrə polis nəzarətinin həyata keçirilməsi ilə razılaşmayıb və bunu Azərbaycan mentalitetinə və adət-ənənələrinə zidd hesab edirlər. Bu səbəbdən də layihə yenidən işlənilmək üçün geri qaytarılıb.

Ailə zorakılığının bütün dünya ölkələrində mövcudluğunu və qadınlarla bərabər uşaqların və kişilərin zorakılığın qurbanları olduğunu deyən psixoloq bildirib ki, inkişaf etmiş ölkələrdə qanun cinsindən, yaşından asılı olmayaraq bütün zorakılıq qurbanlarını müdafiə edir, onlara sığınacaqlar verir.

"Hətta zorakılıq etmiş şəxslərə qadağalar da qoyulur. Belə şəxslərə qurbanın olduğu evin 100 metliyinədək yaxınlaşmağa icazə verilmir" - deyə İsazadə vurğulayıb.

Psixoloq Azərbaycanda bu problemin həllinə adət-ənənələrin müdaxiləsini düzgün hesab etmir. "Həm islam dini, həm də qanunvericilik boşanmaya icazə verir. Adət-ənənələrimiz isə boşanmanı qəbul etmir. Azərbaycan insan hüquqlarının müdafiəsi ilə bağlı tərəfdar çıxdığı beynəlxalq konvensiyalara riayət etmək məcburiyyətindədir" -deyə İsazadə bildirib.

İsazadə polisin belə ailələri nəzarətdə saxlamasını və belə ailələrə müdaxiləni vacib sayır. "Əgər zorakılığa məruz qalmış şəxs polisə müraciət edərsə, polis mütləq bu problemə müdaxilə etməlidir. Bu problemlə bağlı polis orqanlarının qarşısında konkret vəzifələr qoyulmalıdır" - deyə İsazadə vurğulayıb.

Hüquq müdafiəçisi Səidə Qocamanlı ailədaxili zorakılıqla mübarizədə Avropa mexanizmlərinin öyrənilməsini vacib sayır. Polisin belə ailələrə müdaxiləsi və nəzarətə götürməsi ilə bağlı məsələyə qanunda çox diqqətli yanaşmanı vacib sayan hüquq müdafiəçisi bildirib ki, belə ailələrin digərləri tərəfindən qınaq obyektinə çevrilməməsinə çalışılmalıdır. "Elə etmək lazımdır ki, bu ailələr digər ailələr tərəfindən hədəfə alınmasın, qadınların mənliyi tapdanmasın, ailədəki uşaqların psixologiyasına mənfi təsir göstərməsin. Azərbaycan cəmiyyətində evə polisin gəlməsi çox mənfi qarşılanır" - deyə hüquq müdafiəçisi vurğulayıb.

Daxili işlər naziri Ramil Usubov ötən il keçirdiyi mətbuat konfranslarının birində məişət xarakterli cinayət hadisələrinin əksəriyyətinin münaqişəli ailələrdə qeydə alındığını və belə ailələrə polis nəzarətinin gücləndirilməsini vacib saymışdı.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu il ərzində məişət zorakılığı zəminində 1300-dən artıq qadın kişilər tərəfindən, 1200-dən artıq kişi isə qadınlar tərəfindən zorakılığa məruz qalıb.

Xəbər lenti

Xəbər lenti