...

Əməkdar artist Əsgər Məmmədoğlu epizodik rolları da həvəslə oynayır

Cəmiyyət Materials 3 Dekabr 2007 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /müx. TrendLife Laləndə İsmayılova/

Bəzi həmkarlarından fərqli olaraq, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əsgər Məmmədoğlu kommersiya filmlərinə çəkilməkdə heç bir qəbahət görmür. Dediyinə görə, dövlət hesabına kino çəkilmədiyi üçün kommersiya filmləri ilə "gözünün qurdunu öldürür". Aktyorun aldığı qonarara gəlincə, əməyinin müqabilində o qədər də çox deyil. Amma bununla belə narazılıq etmir: "Əgər mən 100 dollar alıramsa, Səyavuş Aslan 500 dollar alır. Hər halda, Əsgər Məmmədoğlu Səyəvuş Aslan deyil. Mən naşükür deyiləm, aldığım məni qane edir. Həm də başımız qarışır, onsuz da filmə çəkilməsək həmin vaxtı boşuna keçirəcəyik". Amma bu, o demək deyil ki, aktyoru həmin filmlərin səviyyəsi qane edir. Deyir ki, əvvəllər çəkilən filmlərlə indikilər arasında yerlə göy qədər fərq var: "O vaxtlar hara, indiki hara? Əjdər İbrahimli, Həsən Seyidbəyli olmayacaqlar ki. Yaxud "Bəyin oğurlanması", "Qərib cinlər diyarında"nın yerini indiki filmlər necə verə bilər? Həm də indi zövqlər də dəyişib. Bəyənmədiyimiz kommersiya filmləriNin - "Toy", "Məhəllə", "Məşədi İbad" kassetləri əl-əl gəzir. Hamı bu filmlərə acgözlüklə tamaşa edir".

Aktyor ona verilən epizodik rolları belə həvəslə oynadığını deyir, çalışır ki, tamaşaçı zövqünü oxşaya bilsin: "İstər teatrda, istərsə də kinoda çalışmışam ki, mənə verilən rolları məhəbbətlə oynayım. Çünki ürəklə oynanılan rol istənilən tamaşaçının qəlbinə yol tapa bilir. Bəlkə elə aktyor kimi sevilməyimdə bu amil əsas rol oynayıb".

Xəbər lenti

Xəbər lenti