...

Mətbuat Şurası bu həftə dövlət başçısına müraciət təqdim edəcək

Cəmiyyət Materials 10 Dekabr 2007 13:25 (UTC +04:00)
Mətbuat Şurası bu həftə dövlət başçısına müraciət təqdim edəcək

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurası bu həftə dövlət başçısı İlham Əliyevə müraciət təqdim edəcək. Bu barədə bazar ertəsi Trend ə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

O bildirib ki, Şura Azərbaycanda jurnalistlərin həbsi hallarının artmasından narahatdır və prezidentə müraciətdə həbsdə olan bütün jurnalistlərin azadlığa buraxılması xahiş olunacaq.

Hazırda Azərbaycanda 10 nəfər jurnalist həbsdədir, 7 jurnalist məhkum, ikisi təqsirləndirilən şəxsdir. "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli, əməkdaşı Yaşar Ağazadə, "Nota-bene" qəzetinin əməkdaşı Fərəməz Allahverdiev, "Gündəlik Azərbaycan"-"Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev "təhqir" və "böhtan" cinayətlərinə görə 2 il yarım həbs cəzası alıblar. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov "xuliqanlıq, qəsdən sağlamlığa zərər vurma", əməkdaşı Sakit Zahidov "qanunsuz olaraq narkotik gəzdirmə", "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazarı Tafiq Tağı "irqi, milli, sosial, dini nifrət və düşmənçiliyin salınması" cinayətlərində təqsirləndiriliblər. Ümumilikdə həbsdəki jurnalistlərin hamısı özlərinin peşə fəaliyyətlərinə - yazılarına görə həbs olunduqlarını iddia edirlər. Ötən həftə isə "Azadlıq" radiosunun Naxçıvan üzrə fotomüxbiri İlqar Nəsibov isə Naxçıvanın polis rəisi Səbuhi Novruzova böhtan atmaqda ittiham olunaraq 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Amaşov bildirib ki, dekabrın 6-da Nəsibov saxlanılan kimi Mətbuat Şurası Daxili İşlər Nazirliyinə və Respublikanın baş prokuroruna müraciət ünvanlayıb, fotomüxbirin işinə diqqətlə yanaşılmasını, həbsinin səbəblərinin obyektiv araşdırılmasını xahiş edib.

Şuranın dövlət başçısının ünvanına hazırladığı müraciətdə isə həbsdəki bütün jurnalistlərin azadlığa buraxılması, sonra jurnalistlərin peşə etikasına riayət edib-etməməsi ilə bağlı monitorinq aparılması təklif olunur. "Biz jurnalistlərə fürsət verilməsi və vəziyyətin müşahidəsinin sıfırdan başlanmasını təklif edirik. Azərbaycan Jurnalistlər Birliyi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Demokratik Jurnalistlər Liqası, "Ruh" jurnalistlərin müdafiə komitəsi yazılı mətbuatın monitorinqini keçirir. Monitorinqin nəticələri gələn ilin əvvəlində Mətbuat Şurasına təqdim olunacaq. Monitorinqə görə hansı jurnalistlər qanunu, peşə etikasını pozubsa, onlar cəzalandırıla bilər" - deyə Amaşov bildirib. Onun sözlərinə görə, Şura təklif edir ki, bütün monitorinqçilərin, Şuranın ümumi razılığı əsasında qanun pozuntusuna yol vermiş mətbu orqanın, jurnalistin cəzalanmasına dair rəy verilsin. Amaşovun fikrincə, belə olarsa, insanlar öz səhvlərinə dair daha çevik nəticə çıxara bilərlər. Mətbuat Şurasının nəzərdə tutduğu monitorinq isə əvvəlcə çap mətbuatı, daha sonra elektron KİV-ləri əhatə edə bilər.

Xəbər lenti

Xəbər lenti