...

Təhsil müəssisələrində hicabın qadağan olunması minlərlə insanı təhsil hüququndan məhrum edəcək – din xadimi

Cəmiyyət Materials 25 Dekabr 2007 12:02 (UTC +04:00)
Təhsil müəssisələrində hicabın qadağan olunması minlərlə insanı təhsil hüququndan məhrum edəcək – din xadimi

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) Azərbaycanın "Təhsil haqqında" yeni qanun layihəsində qadınların baş örtüyündə dərsə gəlməsinin qadağan olunmasına etirazını bildirir.

"Qanunun bu şəkildə qəbul olunacağına inanmaq belə istəmirik. Əgər hicab təhsil müəssisələrində qadağan edilərsə, minlərlə insan təhsil almaq, dini etiqadına uyğun görünüşə malik olmaq kimi bəşəri hüquqlardan məhrum ediləcək"-deyə DEVAMM-ın rəhbəri, din xadimi İlqar İbrahimoğlu çərşənbə axşamı Trend ə açıqlamasında bildirib.

"Təhsil haqqında" yeni qanun layihəsinin 11.1.8 bəndində bildirilir ki, "Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində təhsi alanların, təhsil verənlərin və digər işçilərin baş örtüyündə (hicab, çadra və s.) və digər dini geyimlərdə gəlmələrinə yol verilmir". Bu vaxta qədər isə Azərbaycanın bütün təhsil müəssisələrində başörtüyü ilə bağlı vətəndaşlara sərbəstlik verilib.

İbrahimoğlu bildirir ki, hicabı qadağan edən yeni müddəa insan haqlarına qarşı yönəlib və Azərbaycan Konstitusiyasının dini etiqad azadlığını təmin edən prinsiplərinə, həmçinin Azərbaycanın qoşulduğu beynəlxalq-hüquqi sənədlərin tələblərinə ziddir.

İbrahimoğlunun fikrincə, belə bir qanun qəbul olunarsa, Azərbaycan Parlamenti milli-mənəvi dəyərlərə sayğısızlıq nümayiş etdirəcək, Azərbaycanı insan haqlarının pozulması baxımından çox aşağı səviyyəyə salacaq.

DEVAMM Azərbaycanın dövlət başçısına, Milli Məclisə müraciət ünvanlayaraq bu müddəanın qanun layihəsindən çıxarılması və inanclı insanların hüquqlarının qorunmasını xahiş edəcək. Mərkəz ölkə ictimaiyyətinə, vətəndaş cəmiyyəti qurumlarına müraciətində isə insan haqlarını pozan müddəanın qanun layihəsindən çıxarılması üçün yardım göstərməyə çağırış edəcək.

Milli Məclisin elm və təhsil komissiyasının sədri Şəmsəddin Hacıyev Trend ə açıqlamasında bildirib ki, təhsil ocaqlarında dini geyimlərdən istifadə olunmamalıdır. Çünki Azərbaycan dünyəvi dövlətdir və Konstitusiyaya əsasən, Azərbaycanda din dövlətdən ayrıdır.

Hüquq müdafiəçisi Səidə Qocamanlı çərşənbə axşamı Trend ə açıqlamasında bildirib ki, hicabın qadağan olunmasını inanclı insanların hüquqlarının pozulması hesab edir və burada ciddi təhlükə görür: "Qanunla hicab qadağan olunarsa, ölkədə qarşıdurma yarana bilər. Həmçinin bu qadağadan sonra inanclı insanlar Azərbaycanı tərk edə bilərlər. Azərbaycanı indiyədək siyasi təqiblərə görə tərk edib başqa ölkədən sığınacaq istəyən vətəndaşlar olub. Vətəndaşlarımız dini hüquqlarının pozulmasına görə də başqa ölkələrdən sığınacaq istəsələr, Azərbaycan bütün dünyada biabır olacaq"-deyə Qocamanlı bildirib.

O əlavə edib ki, dünyanın inkişaf etmiş Qərb dövlətləri də təhsil müəssisələrində başörtüyünə qadağa qoymurlar və Azərbaycan onların təcrübəsindən nümunə götürməlidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov çərşənbə axşamı Trend ə açıqlamasında bildirib ki, Azərbaycanda hər kəsin öz etiqadına uyğun yaşamaq və geyinmək hüququ var. Lakin təhsil müəssisələrində hicab məsələsinə qanun çərçivəsində yanaşmaq lazımdır: "Azərbaycanda təhsil müəssisələrində vahid uniformanın tətbiq olunması barədə qərar var və buna hər kəs əməl etməlidir. Ona görə də hicab məsələsinə dini problem donu geyindirmək, bunu vicdan azadlığının pozulması kimi qələmə vermək doğru deyil"-deyə İsmayılov bildirib. Hüquq müdafiəçisindən fərqli olaraq, Dövlət Komitəsinin nümayəndəsi hesab edir ki, hicabın qadağan olunması ölkədə heç bir təhlükə yaratmayacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin verdiyi rəsmi məlumata görə, Azərbaycanda əhalinin 96 faizini müsəlmanlar təşkil edir. Onların da 65 faizi şiə, 35 faizi sünnü təriqətinə mənsubdur.

Azərbaycanın hazırda qüvvədə olan təhsil qanunu 1992-ci ildə qəbul olunub. 1995-ci ildən Parlament təhsil haqqında yeni qanun layihəsi hazırlamağa balşayıb, lakin 12 il ərzində yeni qanun qəbul edilməyib. Dekabrın 28-də - Parlamentin payız sessiyasının sonuncu iclasında yeni qanun layihəsinin müzakirəyə çıxarılması gözlənilir.

Azərbaycan Konstitusiyasının 18-ci maddəsinə görə, din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

Xəbər lenti

Xəbər lenti