...

Estradada dünya miqyasına çıxarılacaq sənətkarımız yoxdur – münəccim Firudin Qubansoy

Cəmiyyət Materials 16 Aprel 2008 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / "Trend Günel Əhmədova

"Şərq təqvimi ilə yaşadığımız torpaq kəsəyəni ilində şou-biznes əhlinin işi təsəvvür etdiyimizdən də yaxşı gedəcək və tamaşaçıların beynini boş-boş işlərlə məşğul edəcəklər. Halbuki, əhalinin beynini düşündürəcək o qədər problem var ki, beyin artıq informasiyanı yükləməyə qadir deyil. Ancaq şou-biznes əhli bunu bacaracaq. Qeyd edim ki, builki təqvimin idarəedicisi "Zöhrə Səyyarəsi"dir. Yəni, Venera planetidir. Bu planet çalıb, oxumaqla, musiqi və eşq macəraları ilə yaddaqalandır. Kəsəyən isə elə bir xasiyyətə malikdir ki, onun üçün sərhəd yoxdur, istədiyini böyük həyasızlıqla əldə etməyə qadirdir. Bu parametrlərə uyğun gələn insanlar üçün geniş meydan açılacaq. Bir sözlə mədəniyyətdən, tərbiyədən bir qədər uzaq olan insanlar üçün bu təqvim düşərli olacaq" - bu sözləri TrendLife-a müsahibəsində AMEA-nın böyük elmi işçisi, filologiya elmləri namizədi, münəccim Firudin Qurbansoy şou-biznesin yaxın gələcəyini proqnoz edərkən dedi.

Fikrinizcə, bu təqvimdə yalnız şou-biznes nümayəndələrinin bəxti gətirəcək?

Eyni zamanda, oğruları, korrupsionerləri də bura aid etmək olar. Bəzi insanlar isə özlərini lazımi qədər aktiv hiss edə bilməyəcəklər. Bura od və hava ünsürləri şamil etmək olar. Onların əziyyəti daha çox olacaq. Konkret olaraq deyim ki, bu, daha çox Qoç, Şir və Oxatan bürclərinə aiddir. Tərəzi, Əkizlər, Dolça bürcündən olanların da işləri asan başa gəlməyəcək. Yəni, indi iki il əvvəl qazandığı uğurları qazana bilməyəcəklər. Torpaq ünsürlü insanların keyfiyyəti bundan ibarətdir ki, onlar ev tikən olurlar. Bu bürcdən olan insanlara təqvim düşərli olduğundan, deyə bilərəm ki, çoxlu hündür binalar, körpülər tikiləcək, yollar çəkiləcək. Qurub-yaratmağa meylli insanlar bu il qazanacaqlar.

Fərdi qaydada ad çəkə bilrsiniz? Məsələn, təqvim indiki şou-biznes nümayəndələrindən kimlərə düşərli olacaq?

Onların doğum tarixini, bürcünü bilmədiyim üçün konkret fikir söyləyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, torpaq və su ünsürlü bürclərin bəxti yaman gətirəcək. 2006-07-ci ildə olan uğursuzluqları artıq geridə qalacaq. Bir sözlə, bu il şou-biznesin baş ağrıdan nümayəndələri üçün geniş fürsət yaranacaq.

Gəlin etiraf edək ki, artıq ziyalı təbəqəsindən olan bəzi insanlar da şou-biznesdə olanlarla qaynayıb-qarışırlar. Məsələn, siz "Maşın" şouda iştirak etmisiniz.

Hətta Faiq Ağayevin verilişində də iştirak etmişəm, orada Manananın əlindən öpmüşəm. Etiraf etmək istəyirəm ki, mənim efirim yoxdur. İctimaiyyətimiz efirə nümunə kimi baxırlar. Düşünürlər ki, nəyi göstərirlərsə, bu yaxşı hesab olunur. "Maşın" şouda imkan yaradıldı və çıxıb bir kəlmə ağıllı cümlə söyləmək istədim. Lap mənasız veriliş olsun, məsələn, Faiq Ağayevin verilişi mənasız bir veriliş idi. Məni dəvət etdi, getdim və çalışdım ki, orada bir-iki ağıllı cümlə işlədim. Beş nəfərdən 2-3 nəfər yəqin, bir şey götürə bildi.

Hansı verilişi bəyənirsiniz?

Nisə Qasımovanın təqdim etdiyi verilişi bəyənirəm. O, səviyyəli xanımdır, zəngin mənəviyyatı var. Ona görə də onun şou-biznesdə yeri yoxdur. Başqaları kimi öndə deyil. Nisə xanımın verilişində üç dəfə iştirak etmişəm, yenə çağırsa məmnuniyyətlə gedəcəm. Çünki tele-layihədə danışmaq üçün mövzu var. "Maşın" şouya da dəvət etdikləri üçün getdim. Murad Dadaşova bir insan kimi hörmətim var. Murad ali təhsil aldığı məktəbdə mən dərs deyirdim. Tələbəm olmasa da, tələbələrimlə həmyaşıd olub. Onun istedadına bələdəm. Hətta veriliş başlayarkən onlar məndən bəzi məsləhətlər alıblar. Hətta ara-bir verilişə qonaq kimi qatılmışam. İştirakçıların psixologiyasına təsir etmək üçün mənim köməyimə ehtiyac var idi. Daha sonra özüm də iştirakçı oldum. Mən bunu səhv addım kimi qiymətləndirmirəm. Dəxli yoxdur ki, sən maşının ətrafında, kimin yanında dayanmısan. Əsas odur ki, yanındakına yaxşı mənada təsir göstərə biləsən.

80-ci illərin ulduzları ilə indiki gənc müğənnilər arasında aşılmaz körpü yaranıb. İndikilər daha müasir və qüvvəli olduqlarını sübut etməyə çalışırlar. Sizcə, əslində hansı təbəqə daha güclüdür?

Gəlin, əvvəlkilərdən başlayaq. Yəni, Aygün Kazımova çox maraqlı insandır. Söhbət onun sənətindən getmir. Çəkinmədən deyirəm ki, bizim şou-biznesdə elə bir adam yoxdur ki, deyəsən sənətkardır. Bu mühitdə dünya miqyasına çıxarılacaq sənətkar yoxdur. Amma bir şəxs kimi mənim Aygün xanıma hörmətim var. Ona görə ki, qeyri-adi və siyasətçi insandır. Ən çətin vəziyyətdə onun ruhdan düşməmək qabiliyyəti var. Bu qənaətə "Maşın"dakı müşahidəmdən sonra gəlmişəm. Ona dedim ki, "Aygün xanım, sizdən çox şey öyrəndim". Ona bu ifadə qəribə gəlmişdi. Bu adam sınmamağın yollarını bilir. Amma Aygünün son vaxtlar buraxdığı səhvlər mənə pis təsir edir. Ona demək istəyirəm ki, - sən ağıllı adamsan, niyə səhv ardınca səhv edirsən, belə olmaz. O, SMS-lərlə qazandığı aşağı səs göstəricisini çox qabartdı. Məğlubiyyəti qabartmaq olmaz, başqa üsullar seçmək lazım idi. Çox təəssüf ki, Aygün başqa üsulu bilmir. Amma biz ona kömək edə bilərdik. Yəni özümü, eyni zamanda, ağıllı adamları nəzərdə tuturam.

Samir Bağırovun qəfil səhnədən gedişi bir qədər müəmma yaradıb. Bunu necə proqnoz edirsiniz?

Gəlin, Samir Bağırovu gündəmə gətirməyək. Millətə Samir Bağırov lazımdır? Nə mənsubiyyəti, nə milləti məlumdur. Məlum olan budur ki, o, azərbaycanlı deyil.

Hər haldı estrada sənətində yeri olan sənətçilərdəndir.

Gəlin, belə danışaq. İndi oxunan estrada musiqiləri hansı köklərə söykənir. Bilinmir rokdu, cazdı və yaxud nədir. Boğazlar işlədirlər ki, başa düşmək olmur, hansı musiqiyə söykənir, hansı laddadır? Sübut etməyə çalışırlar ki, "Sarı gəlin" ermənilərin deyil. Filankəs, sən onu erməni kimi oxuma, olsun sənin mahnın. Sən erməni boğazları vurursan, erməni də idda edir ki, mənimdir. Hamısı elə oxuyur. Çünki 1920-30-cu illərdə fəaliyyət göstərən "Şərq" orkestrinin başında ermənilər dururdu. Son vaxtlara qədər, məşhur sənətkarlarımızın lent yazılarını bir kənara qoyub, bunları səsləndirirdilər. Tar sənətinin bilicisi olaraq qeyd etmək istəyirəm ki, xalq musiqiləri və muğam tar və qavalın bazasında yaradılıb. O biri alətlər, hətta saz ikinci, üçüncü dərəcəli alətlərdir. Lakin görün tarın pərdələrini nə vəziyyətə qoydular.

"Çetvertonlar"ın azaldılmasını nəzərdə tutursunuz?

Bəli. Tarın imkanlarını pianonun imkanlarına qədər azaldıblar. Bu işi musiqi savadı olmayan Sadıqcan həyata keçirib, adı dillər əzbəri olub. Amma uduzan sənət olub. Üzeyir bəy bu şəraitlə yana-yana barışmaq məçburiyyətində qalıb. 1929-cü il il yanvarın 14-də məsələ qaldırıldı ki, tar musiqi aləti kimi ləğv olunsun. Niyə saz yox, tar? Ona görə ki, tarın bazasında muğamlar yaradılır, inkişaf edirdi. Milli musiqini bu alət yaşadıb. "Çetvertonlar" azaldılanda nə qədər milli musiqilərimizin, folklorumuzun kökü kəsildi. Muğam məclislərinə qulaq asın, tar ifaçısı başqa bir şey çalır, ifaçı başqa bir şey oxuyur. Muğamların ardıcıllığı itir. Bunları deməklə estradadakı problemləri açmağa çalışdım.

Xəbər lenti

Xəbər lenti