...

Namiq Sevdimovun Olimpiadaya getməsini çəki məsələsi əngəlləyir - Azərbaycanın güləş yığmalarının rəisi

Cəmiyyət Materials 25 Aprel 2008 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycanın güləş yığmalarının rəisi Yaqub Məmmədov Pekin Olimpiadasına gedəcəyini iddia edən sərbəst güləş üzrə milli komandanın üzvü Namiq Sevdimovun yanlış fikirdə olduğunu bildirir. "Olimpiadaya lisenziyanı dövlət qazanır, idmançı yox", cümə günü Trend a Məmmədov deyib.

Sevdimov İsveçrənin Martini şəhərində keçirilən turnirdə 55 kq çəki dərəcəsində bürünc medal qazansa da, onun yayda keçiriləcək Pekin Olimpiadasına gedəcəyi sual altındadır.

Yığma komandaların rəisinin dediyinə görə, Sevdimovun Olimpiadaya getməsini əngəlləyən əsas məsələ çəki məsələsidir. "Mən bilmirəm niyə hamı Sevdimovun Pekinə gedəcəyini gözləyir. Olimpiadaya lisenziya idmançının çıxış etdiyi çəkiyə görə verilir" - Məmmədov əlavə edib.

Pekin Olimpiadasına Sevdimovun çəki dərəcəsində çıxış edən Namiq Abdullayevin gedəcəyi gözlənilir. Abdullayev Azərbaycanın ən titullu güləşçilərindən sayılır. O, 2000-ci ildə keçirilən Sidney Olimpiadasının qalibi olub.

Sevdimov Olimpiadaya getmək üçün Abdullayevlə güləşməyə hazır olduğunu və qələbə qazanacağına inandığını deyib.

Hazırda Azərbaycanın sərbəst güləş üzrə 6, yunan-roma güləşi üzrə 2 idmançısı Olimpiadaya lisenziya qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti