Azərbaycan, Bakı, 03 iyun / Trend / Azərbaycanda vakant hakim yerlərinə keçirilmiş şifahi imtahanların nəticələri açıqlanıb.
Məhkəmə-Hüquq Şurasından çərşənbə axşmı Trend a bildirilib ki, şifahi imtahanda iştirak etmiş 102 namizədin hamısı müvəffəqiyyət qazanaraq, söhbət mərhələsinə buraxılıb.
Şifahi imtahanlarda namizədlərin 6 aylıq tədris kursu əsasında öyrəndikləri biliklər yoxlanılıb. Şifahi imtahanlarda hər bir namizəd 30 dəqiqə ərzində 5 sualı cavablandırıb. Namizədlər 60 bal və ondan çox nəticə göstəriblər.
Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək, yarım il davam edən tədris kursunu və məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş 102 nəfər hakimliyə namizədin peşə hazırlığının yoxlanılması məqsədilə, aprelin 19-da yazılı imtahan keçirilib. Namizədlərin hamısı imtahandan uğurla çıxıb.
Sonuncu mərhələdə hər bir namizədlə 1 saatlıq söhbət aparılacaq.