Azərbaycan, Bakı, 30 oktyabr/ Trend , müxbir İ.Əlizadə / Nərimanov rayon Polis İdarəsi Əbu Bəkr məscidinin fəaliyyətinin bərpa olunması ilə bağlı məhkəmə qərarından cümə axşamı apellyasiya şikayəti verib. "Ona görə də məscidin fəaliyyətinin bərpa olunması gecikir. Biz Apellyasiya Məhkəməsinin qərarını gözləyəcəyik", - bu barədə cümə axşamı Trend -a Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov məlumat verib.
Trend -un arayışı: Bakının Nərimanov rayon məhkəməsi oktyabrın 27-də Əbu Bəkr məscidinin açılması və fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul edib.
Dini icma məscidin fəaliyyətinin bərpası tələbi ilə bağlı Nərimanov rayon Polis İdarəsinə qarşı iddia qaldırmışdı.
Bu il avqust ayının 17-də saat 20:50 radələrində Bakı şəhəri, Ülvi Bünyadzadə küçəsində yerləşən Nərimanov rayon dindarlarının dini icmasının fəaliyyət göstərdiyi Əbu Bəkr məscidinə naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib. Məlum hadisədən sonra məsçidin fəaliyyəti müvəqqəti dayandırılmışdı. Məsciddə terror aktının törədilməsində təqsiri olan Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.
Hacı Qamət qeyd edib ki, Nərimanov rayon Polis İdarəsinin apellyasiya şikayətində nə tələb olunduğu və şikayətə nə vaxt baxılacağı onlara məlum deyil.
"Biz iki aydan çoxdur ki, səbrlə gözləyirik. Bu onu göstərir ki, biz sülh tərəfdarıyıq, radikallıqdan uzağıq və dövlətçiliyə qarşı çıxmırıq. Ona görə də apellyasiya şikayətinə baxılması başa çatmayana qədər məscid bağlı qalacaq. Sabah cümə namazı qılmaq üçün məscidə getməyəcəyik", - deyə məscidin imamı əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]