Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir İ.Əlizadə / Azərbaycanda qazanılmış immun çatışmazlığı virusuna yoluxmuş (QİÇS) gənclərin sayı artıb.
"2007 - ci ildə QİÇS virusuna yoluxanlar arasında 25-29 yaşlı gənclər 13 -14% təşkil edib. 2008 - ci ilin on ayı ərzində bu göstərici 20% - ə çatıb", - bu barədə bazar ertəsi jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
Nazir qeyd edib ki, QİÇS daşıyıcısı olan gənclərin sayının artması onları narahat edir. Rəhimov cəmiyətin bütün təbəqələrini bu xəstəliklə mübarizəyə qoşulmağa çağırıb.
"QİÇS - lə mübarizə həmişə Gənclər və İdman Nazirliyinin diqqət mərkəzindədir. Bununla bağlı çoxsaylı aksiyalar və konfranslar keçirilib. Bizim bu istiqamətdə gördüyümüz əsas iş maarifləndirmə ilə bağlıdır. Lakin bu bəla ilə təkcə Gənclər və İdman Nazirliyi deyil, orta məktəblər, təhsil müəssisələri, valideynlər birgə mübarizə aparmalıdırlar", - deyə nazir əlavə edib.
Trend - un arayışı: Azərbaycanın "İnsan immun çatışmazlığı virusunun (AİDS) törətdiyi xəstəliklərin yayılmasının qarşısının alınması haqqında" yeni qanun layihəsinin hazırlanması üçün İşçi Qrup yaradılıb. Sosial siyasət daimi komissiyasının sədr müavini Musa Quliyevin rəhbərlik etdiyi İşçi Qrupa deputatlar, Ədliyyə, Səhiyyə, Daxili İşlər nazirliklərinin, AİDS - lə Mübarizə Mərkəzinin, Respublika Narkoloji Mərkəzin, BMT-nin Bakı nümayəndəliyinin, Açıq Cəmiyyət İnstitutunun təmsilciləri daxildir.
İşçi Qrup 2009 - cu il yarvarın 15 - dək yeni qanun layihəsi hazırlayıb, təqdim etməlidir.
HİV- ə yoluxmuş şəxs Respublika QİÇS -lə Mübarizə Mərkəzində ilk dəfə 1987 - ci ildə qeydiyyata alınıb. 2008 - ci il mayın 1-nə olan məlumata görə, Azərbaycanda 1510 nəfər QİÇS - ə yoluxub. Virus daşıyıcılarının 70% - i həyatlarının ən məhsuldar dövründə HİV- ə yoluxub. 60% HİV/AİDS daşıyıcısı isə, inyeksion narkotik istifadəçiləridir. Mərkəzdə qeydiyyatdan keçənlərdən 1446 nəfəri Azərbaycan vətəndaşı, 64 - ü əcnəbidir. Keçən dövr ərzində 210 Azərbaycan vətəndaşı AİDS -dən vəfat edib (189 kişi və 21 qadın). Bu xəstəlikdən dünyasını dəyişənlər daha çox Bakı və Abşeronda (72 nəfər), Lənkəranda (28 nəfər) və Sumqayıtda (20 nəfər) qeydə alınıb. Onların ailələrində 136 uşaq yetim qalıb. 10 uşaq ata və anasını, 13 uşaq anasını, 113 uşaq atasını itirib.