...

Azərbaycanda Türkiyə universitetlərinə tələbə qəbulu elan olunub

Cəmiyyət Materials 4 Mart 2009 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Türkiyə universitetlərinə tələbə qəbulu elan edib.
TQDK-nın mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, ərizələrin qəbulu martın 29-dan aprelin 11-dək Sənəd Qəbulu Komissiyalarında aparılacaq.
Bakı şəhərində Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Naxçıvan şəhərində - TQDK-nın Naxçıvan Regional Şöbəsində, Gəncə şəhərində - Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında, Sumqayıt şəhərində - Sumqayıt Dövlət Universitetində, Lənkəran şəhərində - Lənkəran Dövlət Universitetində və Şəki şəhərində - Şəki Şəhər Təhsil Şöbəsində.
Sənədlərin qəbulu təhsil sahəsində dövlətlərarası müqaviləyə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Türkiyə Respublikası səfirliyinin təhsil üzrə müşavirliyi tərəfindən elan olunub.
Bu il Azərbaycan gənclərinə Türkiyə Respublikasının nüfuzlu 12 universitetində 20 ixtisas üzrə təhsil almaq üçün 48 yer ayrılıb. Bunların arasında Ankara Universiteti ("Memarlıq", "İtalyan dili və ədəbiyyatı" ixtisası və s. ), Boğaziçi Universiteti ("Siyasi elmlər və beynəlxalq əlaqələr" ixtisası), İstanbul Universiteti ("Tibb" ixtisası və s.), Orta Doğu Texnik Universiteti ("Elektrik-elektronika mühəndisi"), Qazi Universiteti ("Ttibb" ixtisası), İstanbul Texniki Universiteti ("Telekommunikasiya mühəndisliyi" ixtisası və s.), Mərmərə Universiteti ("Bank işi", "Sığorta işi" ixtisasları), Hacettepe Universiteti ("Tibb" ixtisası) və başqaları var.
Qəbul imtahanında iştirak etmək üçün hazırda 11-ci sinifdə təhsil alan, eləcə də 01 yanvar 2009-cu il tarixinə yaşı 24-ə çatmamış və orta məktəbi bitirmiş fiziki və əqli cəhətdən sağlam Azərbaycan vətəndaşları ərizə verə bilərlər.
İmtahanda iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsini (16 yaşına çatmamış gənclər isə doğum haqqında şəhadətnamənin əslini), orta məktəbi bitirmək haqqında attestatın əslini və yaxud hal-hazırda 11-ci sinifdə təhsil almaları haqqında arayışı, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli Sənəd Qəbulu Komissiyasına təqdim etməklə, vahid ərizə formasını şəxsən doldurmalıdırlar. Hazırda ali məktəbdə təhsil alan tələbələr Türkiyə Universitetlərinə ərizə vermək hüququna malik deyillər. Abituriyentlər Türkiyə Respublikasının ali məktəblərinin ixtisasları haqqında məlumatı müvafiq sənəd qəbulu komissiyalarından ala bilərlər.
İmtahan 2009-cu il aprelin 19-da test üsulu ilə keçiriləcək.
İmtahana buraxılış vərəqələrini almaq üçün abituriyentlər 16-18 aprel 2009-cu il tarixlərində ərizə verdikləri Sənəd Qəbulu Komissiyalarına müraciət etməlidirlər. İmtahana buraxılış vərəqəsini almayan abituriyentlər imtahana buraxılmayacaq.

Abituriyentlər qəbul imtahanını Azərbaycan və rus dillərində verə bilərlər. Abituriyentlər seçdiyi ixtisasdan asılı olmayaraq riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, tarix, dünya ədəbiyyatı fənlərindən imtahan verirlər, bu sıraya eyni zamanda məntiqi suallar da daxildir. Sual kitabçası 100 test tapşırığından ibarətdir. İmtahanın müddəti 90 dəqiqədir. Türk dilindən də imtahan verən abituriyentlərə əlavə 60 dəqiqə vaxt ayrılır.
Müsabiqədən keçən bütün abituriyentlər Türkiyə Respublikasında bir tədris ili müddətində "Türkcə öyrətim mərkəzləri"ndə türk dili hazırlıq kursunu keçəcəklər. Qəbul imtahanı zamanı "Ümumi bilik testləri"ndən əlavə türk dilindən müvəffəqiyyətlə imtahan verib müsabiqədən keçən abituriyentlər isə hazırlıq kursunda təhsil almadan birinci kursa qəbul olunacaqlar. Təhsillə bağlı bütün xərcləri Türkiyə Respublikası öz üzərinə götürür.
Türkiyə Respublikasının ali məktəblərinə daxil olanlar 2009/2010-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə keçirilən qəbul imtahanlarının müsabiqəsində iştirak etmək hüququnu itirəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti