...

Dünya Azərbaycanlıları Konqresi Gürcüstanda soydaşlarımızın hüquqlarının pozulduğunu bildirir

Cəmiyyət Materials 29 Mart 2009 14:16 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi Gürcüstanda soydaşlarımızın hüquqlarının pozulduğunu bildirir

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir C.Babayeva /  

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı hesab edir ki, Gürcüstanda azərbaycanlıların gizli yolla deportasiya olunmasına şərait qorunub saxlanır.  

"Gürcüstan özünü demokratik dövlət kimi təqdim edir, eyni zamanda, Gürcüstanın taleyində həmişə mühüm rol oynamış azərbaycanlı əsilli vətəndaşlarının təəssüf ki, hüquqlarını pozur. Onların işləmək imkanları yoxdur, ana dilində olan məktəbləri zorla gürcüləşdirilir, sərhədi keçib Azərbaycana gəlmələrində problemlər yaradılır", - bazar günü Trend -a Rüstəmxanlı bildirib.

DAK həmsədrinin fikrincə, Gürcüstan Azərbaycanın ona xoş münasibəti, ən ağır vaxtlarda əl tutması, enerji təhlükəsizliyinə yardımı qarşılığında öz borcunu yerinə yetirmir.

Trend -un arayışı: Dünya Azərbaycanlıları Konqresinin nümayəndə heyəti həmsədrlər Sabir Rüstəmxanlı və Firidun Pərviznianın rəhbərliyi altında ötən həftə Gürcüstanda səfərdə olub. Nümayəndə heyəti Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə tanış olub.

Gürcüstanda fəaliyyət göstərən azərbaycanlıların qeyri-hökumət təşkilatlarının məlumatlarına görə, Gürcüstanda, əsasən Kvemo-Kartli regionunda (Borçalı) təxminən 500 min azərbaycanlı yaşayır.

Gürcüstan azərbaycanlıları dövlət dilinin öyrənilməsi, doğma dildə təhsil, torpaq sahələrinin alınması və onlara dövlət orqanlarında yüksək vəzifələrin verilməsi ilə bağlı problemlərdən şikayətlənirlər.

Rüstəmxanlı hesab edir ki, Gürcüstan azərbaycanlılarının problemləri Azərbaycanın Milli Məclisində deyil, Gürcüstan parlamentində müzakirə edilməlidir. "Dünya Azərbaycanlıları Konqresi bu xahişlə Gürcüstan parlamentinə müraciət ünvanlayacaq. Parlamentdə müzakirələrdən əlavə, azərbaycanlıların problemləri ilə bağlı gündəlik iş aparılmalıdır", - DAK həmsədri bildirib.     

Rüstəmxanlı deyib ki, Dünya Azərbaycanlıları Konqresi Gürcüstan azərbaycanlılarının mövcud vəziyyətini Avropa Şurasının, prezident Mixail Saakaşvilinin diqqətinə çatdıracaq və bununla bağlı ciddi tədbirlər görülməsini xahiş edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti