...

Azərbaycanın rayonlarında qanunsuz satılan vəhşi heyvanlar müsadirə edilib

Cəmiyyət Materials 31 İyul 2009 11:23 (UTC +04:00)
Azərbaycanın rayonlarında qanunsuz satılan vəhşi heyvanlar müsadirə edilib

Azərbaycan, Bakı, 31 iyul  / Trend , muxbir A.Hüseynbala /

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri ölkənin bir neçə rayonunda qanunsuz satışda olan vəhşi heyvanları müsadirə edib.

"Reyd zamanı Hacıqabul rayonunun Pirsaat qəsəbəsində yerləşən "Pirsaat" kafesində Azərbaycanın "Qırmızı Kitab"ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına düşən quş növləri aşkar olunub", - cümə günü Trend -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Reyd zamanı tutulub saxlanılması qadağan olunan 1 ədəd ağbaş kərkəz, 1 ədəd bataqlıq belibağlısı, 2 ədəd hacıleylək, Azərbaycanın "Qırmızı Kitab"ına daxil olan 2 ədəd soltan toyuğu, 6 ədəd fısıldayan qu, 1 ədəd qıvrımlələk qutan, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına daxil olan 2 ədəd qartalça, 2 ədəd çöl muymulu quşları müsadirə olunaraq götürülüb. "Kafenin sahibi Məhərrəm Rəhimov barəsində törətdiyi inzibati xətaya görə protokol tərtib edilib, götürülən vəhşi heyvanlar isə Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib", - məlumatda qeyd edilir.

Nazirliyin müvafiq qurumlarının əməkdaşlarının Şamaxı rayonunda keçirdiyi reyd zamanı isə "Turist" və "Şamaxı" restoranlarında 2 ədəd Qafqaz qonur ayısının qeyri-sərbəst şəraitdə saxlanılması aşkar edilib və həmin restoranların sahibləri Həsən və Hüseyn Allahverdiyevlər barəsində müvafiq sənədlər tərtib olunub. "Bundan başqa, Beyləqan rayonunda yerləşən "Xan bağı" restoranında adı "Qırmızı Kitab"a düşən 2 baş ceyranın qanunsuz saxlanılması faktı aşkar edilib və heyvanlar götürülərək "Ağ Göl" Milli parkında məskunlaşan ceyranların arasına buraxılıb. Restoranının sahibi Habil Rüstəmov barəsində isə akt və protokol tərtib edilib", - məluamtda bildirilir.

Azərbaycanda vəhşi heyvanların satışı qadağandır. Qanunvericiliyə əsasən, şəhadətnaməsi olmayan vəhşi heyvanların qanunsuz satışına görə, fiziki şəxslər 200-300, hüquqi şəxslər isə 3000-5000 manat məbləğində cərimələnir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti