...

Kürd probleminin həllində İraq amili - Trend News-un icmalçısı

Cəmiyyət Materials 18 Avqust 2009 09:58 (UTC +04:00)
Türkiyədə son günlər mübahisə obyektinə çevrilən mövzulardan biri də hakim Ədalət və İnkişaf Partiyasının "kürd açılımı" məsələsidir (ölkədə olan kürd probleminin həlli)
Kürd probleminin həllində İraq amili - Trend News-un icmalçısı

Rufiz Hafizoglu, Trend -un Yaxın Şərq redaksiyasının rəhbəri

Türkiyədə son günlər mübahisə obyektinə çevrilən mövzulardan biri də hakim Ədalət və İnkişaf Partiyasının "kürd açılımı" məsələsidir (ölkədə olan kürd probleminin həlli) . Əslində, hakimiyyətin "kürd açılımı" məsələsi Türkiyə üçün yeni bir şey deyil. Bu plan AKP-nin daxili siyasətində hır zaman prioritet məsələlərdən biri olub. 2005-ci ildə də ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdə çıxışı zamanı ölkədə mövcüd olan kürd problemini həll etmək istəyində olduqlarını bildirmişdi.

Lakin 2008-ci ilin noyabr ayında Hakkari vilayətinin Şəmdinli rayonunun Aktütün məntəqəsinə PKK terrorçularının hücumu "kürd açılımı" məsələsini arxa plana atdı. Buna baxmayaraq, kürd probleminin həlli öz aktuallığını itirmədi.

Çünki hər iki tərəf - həm kürd, həm də türk tərəfi problemin tez zamanda həll olunması istəyində idi. Məhz bu səbəbdən də terror təşkilatının indiki liderlərindən olan Murat Karayılan Ankaraya öz "dost" əlini uzadaraq, Türkiyə ilə dialoqa hazır olduqlarını bildirdi. Lakin Ankara "Böyük dövlətlər terror təşkilatları ilə dialoq aparmır" prinsipinə əsaslanaraq, Karayılanın bu təklifini rədd etdi. PKK liderinin dialoq istəməsi əslində, dialoqdan çox Türkiyə daxilində yeni narazılıq dalğası yaratmağa hesablanmış bir addım idi, cünki Karayılan bu təklifin rədd olunacağını bilirdi. Dolayısıyla özünü kürdlərin "himayəçisi" kimi göstərən Karayılan rəsmi Ankaranı kürd əhalinin gözündə salmağa çalışırdı. Şübhəsiz ki, bu, Türkiyə hökumətinin nəzərindən qaça bilməzdi. Elə buna görə də Karayılanın bəyanatından sonra Türkiyə Prezidenti Abdullah Gül hökumətin ölkədə olan kürd probleminin həlli istiqamətində planı olduğunu bildirdi. Lakin "kürd açılımı" planının detalları gizli saxlanıldı və bu istiqamətdə atılan bütün addımlar bağlı qapılar arxasında həyata keçirildi. Demokratik açılım üçün türk müxalifətinin etirazlarına baxmayaraq, ilk növbədə ölkənin Baş naziri Ərdoğan, dövlət nazirləri və daxili işlər naziri Bəşir Atalay ölkədəki kürd yönlü demokratik Toplum Partiyasının lideri (DTP) Əhməd Türk ilə görüşdü və hər iki tərəf bu görüşmələrdən razı qaldığını bildirdi. DTP lideri isə demokratik açılımı türk-kürd dialoqunun başlanması üçün bir addım kimi qiymətləndirdi.

Planın detallarının gizli saxlanılmasına gəlincə isə, Türkiyə hökuməti PKK terror təşkilatı və qeyri-leqal Ergenekon təşkilatı tərəfindən atıla biləcək addımlardan ehtiyatlanır. Çünki hakimiyyətin əlində Ergenekon ilə PKK terror təşkilatının zaman-zaman iş əməkdaşlığı etməsi haqda kifayət qədər sübutu var.

Türkiyədəki kürd problemindən danışarkən diqqət verilməli məqamlardan biri əslində, Türkiyədəki kürd problemi ilə PKK terror təşkilatı probleminin eyniləşdirilməsidir. Amma məsələyə diqqətlə baxsaq, hər iki problemdə ortaq kürd amilinin olmasına baxmayaraq, PKK problemi ilə kürd probleminin bir-birindən fərqli olduğunu asanlıqla görmək olar.

Bu iki problemi bir-birindən ayıran əsas amillərdən biri də Türkiyədəki kürdlərin milli kimlik, PKK-nın isə müstəqil Kürdüstan dövləti qurmaq istəyinin olmasıdır. Problemin eyniləşdirilməsi isə ancaq və ancaq PKK terror təşkilatının maraqlarına xidmət edir.

Görəsən, Türkiyə hökuməti Baş nazir Ərdoğanın dediyi kimi, bu problemi demokratik yolla həll edə biləcəkmi?

Bu gün Türkiyədəki hakimiyyətin əvvəlki hakimiyyətlərdən fərqli olaraq ölkədaxili islahatlar keçirməsi və bir çox sahələrdə müsbət irəliləyiş əldə etməsi deməyə sas verir ki, hakimiyyət ölkədəki kürd problemini həll edəcək.

PKK terror təşkilatı ilə bağlı problemin bir dəfəlik həlli isə yalnız və yalnız İraqın əlindədir. Çünki Türkiyədən fərqli olaraq İraqın şimalında Kürdüstan administrasiyası fəaliyyət göstərir və bu administrasiya İraqın mərkəzi hökumətinin tabeliyində olsa da, PKK bunu xəyal etdiyi müstəqil kürd dövlətinin yaranması üçün ilk addım kimi qiymətləndirir.

Şübhəsiz ki, rəsmi Bağdad PKK-nın İraqın Şimalı Kürd Administrasiyasını potensial kürd dövləti kimi qəbul etməsini bilir. Elə buna görə də, İraq Türkiyə ilə həmrəylik nümayiş etdirərək terror təşkilatına sərt işmarıc verdi. İraqın vitse-prezidenti Tariq əl-Haşimi iyun ayında Ankaraya rəsmi səfəri zamanı prezident Abdullah Gül və Baş nazir Ərdoğanla görüşü zamanı İraqda heç vaxt müstəqil Kürdüstan dövlətinin yaranmayacağını bildirdi. Vitse-prezident PKK terror təşkilatının Türkiyə üçün təhlükəli olduğu kimi, İraq üçün də təhlükəli olduğunu qeyd etdi.

Təbii ki, Türkiyə hökuməti problemi ölkə daxilində həll edə biləcəyinə əmin olmasına baxmayaraq, problemin tam həlli üçün İraqla sıx əməkdaşlıq etmək məcburiyyətindədir. Çünki Türkiyə üçün ən əsas məsələlərdən biri - qərargahı İraqın şimalında yerləşən PKK terror təşkilatını Türkiyə kürdlərindən təcrid etməkdir.

Elə buna görə də Türkiyədə hakimiyyətin demokratik açılım planı irəli sürülən zaman ölkənin xarici işlər naziri Əhməd Davudoğlu İraqa səfər etdi. Səfər zamanı isə İraq-Türkiyə diplomatik əlaqələri və birgə təhlükəsizlik məsələləri müzakirə edildi.

Şübhəsiz ki, rəsmi Bağdad PKK probleminin həllində Ankaraya lazımi dəstək verəcək. Çünki Türkiyə də İraq üçün bir nömrəli təhlükə olan şiə qiyamçılarının lideri Müqtəda əs-Sədri Ankaraya dəvət etməklə Bağdada stabilliyin bərpasında kömək etmişdi. Müqtədanın Ankara səfərindən sonra isə İraqda şiə qiyamçıların aktivliyi xeyli azaldı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti