...

Azərbaycanın telekanallarındakı vəziyyətlə bağlı dəyirmi masa keçirilib

Cəmiyyət Materials 13 Oktyabr 2009 13:57 (UTC +04:00)
“Milli Televiziya və Radio Şurasının əsas məqsədi telekanalların verilişlərindəki keyfiyyət dəyişikliyinə inzibati yollarla nail olmaq deyil”, - Trend News-un məlumatına görə, çərşənbə axşamı Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilatçılığı ilə “Azərbaycanın efir məkanında mövcud vəziyyət“ mövzusunda keçirilən birgə dəyirmi masada MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.
Azərbaycanın telekanallarındakı vəziyyətlə bağlı dəyirmi masa keçirilib

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir A..Hüseynbala/

Azərbaycanın telekanallarındakı vəziyyətlə bağlı dəyirmi masa keçirilib.

"Milli Televiziya və Radio Şurasının əsas məqsədi telekanalların verilişlərindəki keyfiyyət dəyişikliyinə inzibati yollarla nail olmaq deyil", - Trend -un məlumatına görə, çərşənbə axşamı Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilatçılığı ilə "Azərbaycanın efir məkanında mövcud vəziyyət" mövzusunda keçirilən birgə dəyirmi masada MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oktyabrın 2-də "Azərbaycan" qəzetində dərc olunan "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" sərlövhəli məqaləsində televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlara diqqət çəkib. Mehdiyevin fikrincə, ictimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Administrasiya rəhbərinin fikrincə, problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir.

Məhərrəmlinin sözlərinə görə, dəyişikliyə nail olmaq üçün telekanlların rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür. "Bizi ən çox narahat edən məsələ televiziya və radiolarda aparıcıların peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlıdır. Bu isə verilişlərin keyfiyyətinə ciddi təsir edir. Telekanallarda maarifçilik verilişlərinə daha çox yer ayrılmalıdır. Reklamların məzmununa da xüsusi diqqət yetirilməlidir", - şura sədri əlavə edib.

Onun fikrincə, telekanallardakı peşəkarlıq problemini həll etmək üçün Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə tələbə qəbulunun sayını artırmaq lazımdır. "Televiziya üzrə akademiyanın yaradılmasına da ehtiyac var və yaxın müddətdə bununla bağlı konkret addımlar atılacaq", - Məhərrəmli vurğulayıb.

"Telekanallardakı verilişlərin səviyyəsini ilk növbədə tamaşaçının zövqü ilə müqayisə etmək lazımdır", - tədbirdə çıxış edən ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev bildirib.

Onun fikrincə, telekanallardakı problemləri kampaniya ilə yox, konkret işlər görməklə həll etmək mümkündür.

"Telekanllar milli dəyərlərin qorunmasına xüsusi diqqət ayırmalıdırlar", - dəyirmi masada çıxış edən Milli Məclisin deputatı Məlahət Həsənova qeyd edib.

Həsənovanın sözlərinə görə, təkcə telekanallarda deyil, bir qrup qəzet və internet saytlarında da milli-mənəvi dəyərlərə uyğun gəlməyən materiallar rast gəlmək olur. "Bütün bu problemlərin həlli üçün mütləq nəzarət mexanizmi olmalıdır", - millət vəkili vurğulayıb.

"Telekanallar cəmiyyətin bir parçasıdır, cəmiyyətimiz necədirsə, televiziyalarımız da elədir", - tədbirdə çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı bildirib.

Onun fikrincə, Azərbaycanda təkcə telekanallarda yox, uşaq bağçalarında, orta və ali təhsil məktəblərində da milli dəyərlərin qorunmasına ciddi ehtiyac var. "Televiziyalardakı əsas problem isə peşəkarlıqla bağlıdır. Bizim telekanalların əksəriyyəti başqa ölkələrin telekanallarındakı şou proqramları yamsılayırlar. Biz müğənnilərin geyimlərindən danışırıq, amma problem həm də onların səsi, oxuduqları mahnıların sözləri ilə bağlı olur", - Rüstəmxanlı vurğulayıb.

Millət vəkili deyib ki, bütün bu problemləri həll etmək üçün milli konsepsiyanın qəbul olunmasına ehtiyac var.

Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti