...

Azərbaycan Ali Məhkəməsi həbsə üstünlük verən hakimlərin cəzalandırılması üçün Məhkəmə-Hüquq Şurasına müraciət edəcək

Cəmiyyət Materials 4 Noyabr 2009 12:59 (UTC +04:00)
Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə çərşənbə günü Trend News-a bldirib ki, Plenumun son iclasında ötən il Bakı və Sumqayıt şəhər məhkəmələrində qətimkan tədbirləri ilə əlaqədar baxılan işlərin ümumiləşdirməsi ilə bağlı müzakirə aparılıb.
Azərbaycan Ali Məhkəməsi həbsə üstünlük verən hakimlərin cəzalandırılması üçün Məhkəmə-Hüquq Şurasına müraciət edəcək

Azərbaycan, Bakı, 4 noyabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycan Ali Məhkəməsinin Plenumu həbs qətimkan tədbirinə üstünlük verən hakimlərin işinin Məhkəmə-Hüquq Şurasında araşdırılması ilə bağlı bu quruma müraciət edəcək.

Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə çərşənbə günü Trend -a bldirib ki, Plenumun son iclasında ötən il Bakı və Sumqayıt şəhər məhkəmələrində qətimkan tədbirləri ilə əlaqədar baxılan işlərin ümumiləşdirməsi ilə bağlı müzakirə aparılıb. Müzakirələr nəticəsində bu sahədə ciddi pozuntular olduğu müəyyənləşib. Ali Məhkəmə qətimkan tədbirləri ilə bağlı işlərə baxarkən məhkəmələrin diqqətli olması və qərarların əsaslandırılması ilə bağlı qərar qəbul edib. Həmçinin belə pozuntulara yol verən hakimlərin intizam qaydasında cəzalandırılması ilə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət ediləcək.

Bu iş üzrə məruzəçi hakim Ağazadənin bildiridiyinə görə, ümumiləşdirmə nəticəsində məlum olub ki, həbs qətimkan tədbiri ilə bağlı (hərbi cinayətlər istisna olmaqla) Bakı və Sumqayıt məhkəmələrinə 3529, həbs müddətin uzadılması ilə bağlı 1311 təqdimat verilib. Hər iki məsələ ilə bağlı təqdimatların 98 faizi təmin olunub.

Məlum olub ki, həbs qətimkan tədbiri seçilən şəxslərdən 99-u böyük ictimai təhlükə törətməyən, 2193-ü az ağır, 1337-si isə ağır və xüsusilə ağır cinayət törədənlərdir.

Ali Məhkəmə hesab edir ki, bir sıra hallarda məhkəmələr həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı səhv qərar çıxarıblar.

Həbslə bağlı təqdimatların 4617-nə Bakı, 223-nə isə Sumqayıt məhkəmələri tərəfindən baxılıb.

Sumqayıt üzrə təqdimatların 96,5 faizi təmin olunub.

Bakıda isə həbslə bağlı qərar çıxaran məhkəmələr arasında birinci yeri 521 qərarla Nərimanov, ikinci yeri 476 qərarla Səbail, üçüncü yeri 448 qərarla Nəsimi rayon məhkəməsi tutur.

Azərbaycan qanunvericiliyində 10 növ qətimkan tədbirinin olduğunu deyən Ağazadə bildirib ki, təcrübədə onlardan əsasən ikisi - həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə üstünlük verilir.

Ali Məhkəmə hakiminin sözlərinə görə, ümumiləşdirmə zamanı məlum olub ki, məhkəmələr tətrəfindən ev dustaqlığı ilə əvəz etmə ilə bağlı təqdimatlaın 49 faizi təmin olunub, 51 faizi rədd edilib. Ağazadə bildirib ki, qanunvericiliyə görə, şəxs barəsində həbs qətimkan tədbiri seçiləndən sonra vəkil müdafiə etdiyi şəxsin barəsindəki qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə məhkəməyə müraciət edir. Məhkəmələr bu müraciətdən sonra ev dustaqlığı ilə əvəzolunma məsələsinə baxa bilər.

"Bu isə bürokratik əngəllər yaradır. Ali Məhkəmə bu prosesin sadələşdirliməsi üçün qanunvericiliyə dəyişikliklə bağlı Milli Məclisə təklif hazırlayacaq", - deyə Ağazadə bildirib.

Ali Məhkəmənin hakimi ümumiləşdirmə zamanı girovla bağlı məhkəmələr tərəfindən hər hansı işə rast gəlinmədiyini deyib. Onun sözlərinə görə, girov qoymaqla şəxsin azadlığa buraxılması ilə bağlı qərarlara rast gəlinməməsinin səbəbi girovun məbləğinin yüksək olmasıdır.

"Qanuna görə, az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə girovun məbləği 5 min, ağır və xüsusilə ağır cinayətlərə görə isə 10 min manatdan az olmamalıdır. Bu məbləği isə verməkdə hec kim maraqlı deyil", - hakim bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti