...

Azərbaycanda təkrar qeydiyyata görə müraciət etməyən dini icmaların ləğvi üçün məhkəmə müraciət olunacaq

Cəmiyyət Materials 5 Yanvar 2010 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda fəaliyyət göstərən Nərimanov rayon dindarlarının dini icması, İlahiyyat məscidi dini icması Şəhidlər məscidi dini icması təkrar qeydiyyat üçün müraciət etməyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə rəisi Gündüz İsmayılov çərşənbə axşamı Trend -a bildirib ki, dini icmaların təkrar qeydiyyatı ilə bağlı qanunla müəyyən edilən vaxt başa çatıb və bu müddət ərzində adıçəkilən dini icmalar təkrar qeydiyyat üçün Dövlət Komitəsinə müraciət etməyiblər.

İsmayılov bildirib ki, qanuna görə, təkrar qeydiyyat üçün yanvarın 1-dək müraciət etməyən dini icmaların ləğv edilməsi məhkəmə yolu ilə mümkün olacaq.

Şöbə müdiri deyib ki, adıçəkilən dini icmalar fəaliyyətlərini davam etdirərlərsə, onların fəaliyyətinin məhkəmə yolu ilə dayandırılması məsələsinə baxıla bilər.

İsmayılov bildirib ki, "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərə görə, qeydiyyata alınmış 534 dini icma təkrar qeydiyyata alınmaq üçün yanvarın 1-dək Dövlət Komitəsinə müraciət etməliydi.

Bu dəyişiklikdən sonra 600-dən artıq dini icma təkrar və ilkin qeydiyyat üçün sənədlərini təqdim edib.

Yeni qanunun qəbulundan sonra 120 dini icma yenidən və ilkin qeydiyyata alınıb. Digərlərinin isə müraciətlərinə baxılır.

Trend -un arayışı: Azərbaycan Parlamentinin ötən sessiyasında "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilib.

Əlavələrə görə, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan olunur. Digər əlavəyə görə, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə biləcəklər. İlin sonuna kimi dini qurumlar yenidən dövlət qeydiyyatından keçməlidir.

Ötən il Azərbaycanda 102 dini icma qeydiyyatdan keçib və bununla da ölkədə dini qurumların sayı 534-ə çatıb.

Xəbər lenti

Xəbər lenti