Azərbaycanda istintaq sirri təşkil edən məlumatların dairəsini qanunvericilik müəyyənləşdirməyib - SORĞU

Cəmiyyət Materials 15 Yanvar 2010 11:16 (UTC +04:00)
"İstintaq sirri olduğu üçün bu barədə məlumat verilimir. Zərurət yaranarsa, ictimaiyyətə əlavə məlumat veriləcək". Bu, ictimai aktuallıq kəsb edən cinayət işləri ilə bağlı jurnalistlərin sorğularına hüquq-mühafizə orqanlarının mətbuat xidmətlərinin verdiyi cavabdır.
Azərbaycanda istintaq sirri təşkil edən məlumatların dairəsini qanunvericilik müəyyənləşdirməyib - SORĞU

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

"İstintaq sirri olduğu üçün bu barədə məlumat verilimir. Zərurət yaranarsa, ictimaiyyətə əlavə məlumat veriləcək". Bu, ictimai aktuallıq kəsb edən cinayət işləri ilə bağlı jurnalistlərin sorğularına hüquq-mühafizə orqanlarının mətbuat xidmətlərinin verdiyi cavabdır.

Bir qayda olaraq, respublika ərazisində səs-küylü cinayət hadisələri ilə bağlı aparılan cinayət işlərinin istintaqı barədə mətbuatın məlumat əldə etməsi müşkül məsələyə çevrilir.

İstintaq sirri, xidməti sirr əsas gətirilərək bu qəbildən olan hadisələrlə bağlı mətbuata məlumat verməkdən imtina olunur. İstintaq sirri nədir? Hansı məlumatlar istintaq sirrinin dairəsinə aiddir? Məlumatların istintaq sirri olduğunu kim müəyyənləşdirir?

Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə cümə günü Trend -a bildirib ki, istintaq sirri sayılan məlumatların dairəsi hər bir işin özünün spesifikasından asılıdır.

"Bir işdə istintaq sirri sayılan məlumat başqa işdə sirr ola bilməz. İstintaq sirri subyektiv mülahizə əsasında müəyyən edilir. Bu sirrin dairəsini istintaqı aparan şəxs müəyyən edir", - deyə hakim bildirib.

Ali Məhkəmənin hakimi hesab edir ki, KİV-lə istintaq orqanları arasında bu sahədə mövcud problemin həlli üçün mütləq təcrübə formalaşmalıdır. Onun fikrincə, müəyyən zaman keçəndən sonra bu təcrübə formalaşacaq və problem həllini tapacaq.

Ekspert, hüquqşünas, Media Hüquq İnstitutunun rəhbəri Rəşid Hacılı Trend -a deyib ki, istintaqın effektiv aparılması, cinayət prosesi iştirakçılarının hüquqlarının təmin olunması üçün istintaq sirrinin qorunması vacibdir.

Ekspert həmçinin qeyd edir ki, cəmiyyətin ictimai aktuallıq kəsb edən məlumatları əldə etmək hüququ var və bu, çox əhəmiyyətlidir.

"Birmənalı şəkildə "hansısa məlumat istintaq sirri olduğu üçün verilməməlidir", yaxud da "cinayət işi ilə bağlı hər məlumat verilməlidir" kimi fikirlər də yanlışdır. Hər iki qanuni maraqlar təmin olunmalı və balans mümkün qədər gözlənilməklə sorğulara cavab verilməlidir", - deyə Hacılı vurğulayıb.

Ekspert deyir ki, qanunvericilik istintaq sirrinin dairəsini dəqiq müəyyən etməyib. Hər hansı məlumatın istintaq sirri olub-olmadığını istintaqı aparan şəxs müəyyənləşdirir.

Hacılı deyir ki, hüquq-mühafizə orqanlarının bir qrup cinayət hadisələri ilə bağlı məlumatları istintaq sirrini qorumadan bütün detallarınadək açıqlaması, bir qrup cinayətlər barədə məlumatları isə istintaq sirri adı ilə ictimaiyyətdən gizlətməsi anlaşılan deyil.

"Bu məsələdə normal təcrübə formalaşmalıdır. Güc strukturları da həmin təcrübədən çıxış edərək məlumatları açıqlamalıdır. Həmçinin dövlət orqanları həmin cinayət işləri ilə bağlı məlumatların yayılmasında maraqlı olmalıdır", - Hacılı vurğulayıb.

Hüquqşünas inkişaf etmiş ölkələrdə medianın güclü olması səbəbindən hüquq-mühafizə orqanları ilə bağlı belə bir problemin olmadığını deyir.

"Orada jurnalistlər bəzən hər hansı bir cinayət işi ilə bağlı istintaqı aparan şəxsdən daha çox məlumatlı olurlar. İstintaq orqanı belə olan halda jurnalistlə əlaqə quraraq həmin məlumatların istintaq sirri olması səbəbindən yayılmaması üçün onunla dil tapmağa çalışır, bir növ alver edir. Bizdə isə jurnalistlərin belə bir imkanı yoxdur. Hər hansı cinayət işi ilə bağlı jurnalistlərin topladığı və mətbuatda yayılan məlumatlarla bağlı istintaq orqanı heç bir reaksiya vermir", - deyə ekspert bildirib.

Hacılı hər hansı bir işlə bağlı istintaq müddətinin və həmin iş üzrə ittiham elan olunan şəxsin barəsində həbs qətimkan tədbirinin uzadılması barədə məlumatların istintaq sirri əsas gətirilərək yayılmamasını absurd hesab edir.

"Həbs qətimkan tədbirinin uzadılması barədə təqdimat hazırlananadək bu məlumat sirr sayıla bilər, lakin bu, məhkəməyə çıxarılırsa, artıq sirr deyil. Çünki məhkəmə qərarları açıq elan olunmalıdır", - institut rəhbəri vurğulayıb.

Hüquqşünas İntiqam Əliyev də Trend -a açıqlamasında deyib ki, Azərbaycanda bu sahədə çox ciddi problemlər var. Onun fikrincə, bəzi hallarda istintaq orqanının hər hansı bir cinayət işi ilə bağlı yaydığı məlumatlar istintaq sirrinin yayılması əsası ilə ciddi mübahisələrə səbəb ola bilər.

Əliyev deyir ki, istintaq sirrinin yayılmaması ilə cəmiyyətin məlumat almaq hüququ arasında balans gözlənilmir. Onun sozlərinə görə, istintaq orqanının mətbuat xidmətinin rəhbəri hər hansı bir cinayət işi üzrə hansı məlumatın verilib-verilməməsini müəyyən edə bilməz.

"Nələrin istintaq sirri olduğunu istintaqı aparan şəxs bilir", - deyə hüquqşünas vurğulayıb.

Əliyev deyir ki, xarici ölkələrdə hər hansı bir cinayət işi ilə bağlı jurnalistlərin topladığı məlumatlar istintaq orqanına gərəkli olur və onlar bu məlumatları jurnalistlərdən əldə edir.

"Bizdə isə jurnalitlərin topladığı materiallardan nəinki istintaq zamanı istifadə olunmur, əksinə, bununla bağlı mətbuatda yayılan məlumatlara heç bir reaksiya verilmir. Bizdə bu sahədə jurnalistlərlə hüquq-mühafizə orqanları arasında kommunikasiya yoxdur", - deyə ekspert bildirib.

Onun fikrincə, səs-küylü cinayət işləri ilə bağlı məlumatların açıqlanmaması istintaq zamanı yol verilmiş pozuntuların gizlədilməsinə xidmət edir. "Məsələn əsassız olaraq istintaq müddəti, həbs müddəti uzadılır. Bu isə cinayət prosesi iştirakçılarının hüquqlarının pozuntusudur. Ona görə də belə məlumatlar mümkün qədər gizli saxlanılır", - Əliyev bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend -a bildirib ki, Cinayət-Prosessual Məcəlləsinin 222-ci maddəsinin tələblərinə görə, cinayət işi üzrə məhkəmə baxışınadək ibtidai araşdırma məlumatları yalnız ibtidai araşdırmanın maraqlarına zidd olmayan, həmçinin cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həcmdə yayıla bilər. Bununla belə, müxtəlif kateqoriyadan olan konkret cinayət işləri üzrə sübut əhəmiyyəti kəsb edən xüsusatlardan asılı olaraq istintaq sirri təşkil edən məlumatlar da müxtəlif ola bilər.

"İbtidai araşdırma məlumatlarının yayılmasına yalnız həmin araşdırmanı aparan şəxsin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə yol verilir", - deyə Baş Prokurorluq rəsmisi vurğulayıb.

Eldar Sultanov bildirib ki, cinayət işləri üzrə istintaqın gedişatı barədə məlumatlar, zərurət yarandığı təqdirdə ibtidai araşdırmanı aparan orqan tərəfindən ictimaiyyətə açıqlana bilər.

Xəbər lenti

Xəbər lenti