Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda 2010-2011-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının vaxtı müəyyənləşib. Bu barədə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.
3-cü ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 4-də, 1-ci ixtisas qrupu üzrə iyulun 11-də, 4-cü ixtisas qrupu üzrə iyulun 17-də, 2-ci ixtisas qrupu üzrə isə iyulun 23-də keçiriləcək.
Ali təhsil müəssisələrinə qəbul imtahanları üzrə ərizələrin qəbulu aprelin 20-dən başlayacaq, mayın 31-dək davam edəcək.
Qabiliyyət imtahanları iştirakçılarının qeydiyyatı aprelin 30-dan mayın 31-dək aparılacaq. Rus bölməsi üzrə ilk Azərbaycan dili imtahanında iştirak etmək üçün ərizə təsdiqinin son günü kimi mayın 14-ü müəyyənləşdirilib. Rus bölməsi üzrə birinci Azərbaycan dili imtahanı mayın 23-də, ikinci Azərbaycan dili imtahanı isə iyunun 20-də keçiriləcək.
Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu isə iyununun 28-dən iyulun 29-dək davam edəcək. Orta ixtisas müəssisələrinə qəbul imtahanları avqustun 29-da keçiriləcək. Musiqi sənəti, təsviri sənət, teatr, kini, xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanları iyulun 8-14-də, memarlıq və dizayn istiqaməti üzrə iyulun 15-21-də, idman istiqaməti üzrə iyulun 21-28-də baş tutacaq.
Orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahanları isə iyulun 20-27-də keçiriləcək. Ali təhsil müəssisələrinə ixtisas seçimi iyulun 25-dən avqustun 2-dək aparılacaq.