Azərbaycan, Bakı, 26 aprel /Trend/
Azərbaycan Ali Məhkəməsinin hakimi Avropa Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarını Konvensiyaya və bu məhkəmənin presedent hüququna zidd hesab edir.
Trend-in məlumatına görə, Ali Məhkəmənin hakimi Əli Seyfəliyev mətbuata açıqlamasında bildirib ki, Fətullayev Azərbaycan milli məhkəmələri tərəfindən çıxarılmış hökmlərlə konkret cinayətlərin törədilməsində təqsirli bilinərək cəzalandırılıb və hal-hazırda o, təyin olunmuş cəzanı çəkməkdə davam edir.
"Azərbaycan Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Bu isə o deməkdir ki, hər hansı məhkum edilmiş şəxs bu və ya digər vəzifəli şəxsin, təşkilatın, beynəlxalq qurumun, o cümlədən, beynəlxalq məhkəmənin göstərişinə əsasən qanuni qüvvəyə minmiş hökmlə təyin olunmuş cəzadan azad edilə bilməz. Azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslərin vaxtından əvvəl cəzadan azad edilmələri isə yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsaslarla milli məhkəmələr tərəfindən həyata keçirilə bilər", - deyə Seyfəliyev vurğulayıb.
Aprelin 22-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin internet səhifəsində Eynulla Fətullayevin Azərbaycana qarşı ərizəsi üzrə Avropa Məhkəməsinin qərarı dərc olunub.
Həmin qərarla məhkəmə Fətullayevin barəsində cinayət işləri üzrə icraat zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müddəalarının pozulmasını qərara alıb. Eyni zamanda, məhkəmə qəbul etdiyi qərara Fətullayevin dərhal həbsdən azad edilməsini tələb edib.
Seyfəliyevin sözlərinə görə, Fətullayevin dərhal azad edilməsi haqqında Avropa Məhkəməsinin qərarı əvvəllər qəbul etdiyi digər qərarlarla ziddiyyət təşkil etməklə yanaşı, həm də ölkələrin suverenliyinə müdaxilə kimi qiymətləndirilməlidir.
"Belə ki, Avropa Məhkəməsi dəfələrlə baxdığı işlər üzrə qəbul etdiyi qərarlarda bəyan edib ki, yuxarı instansiya məhkəməsi rolunu oynamır, sübutlara qiymət vermir və təqsirlilik məsələsini həll etmir. Eyni zamanda, Avropa Məhkəməsi dəfələrlə vurğulayıb ki, məhkəmə milli məhkəmələr tərəfindən sübutlara verilmiş qiymətləndirməni öz qiymətləndirməsi ilə əvəz edə bilməz (məsələn, "Greyson və Barnxem Birləşmiş Krallığa qarşı", "Olsson İsveçə qarşı" və s. işlər üzrə qərarlar). Avropa Məhkəməsi öz təcrübəsində Konvensiyanın müddəalarının pozuntusunu aşkar etdikdə, məhz həmin pozuntuların aradan qaldırılması vəzifəsini müvafiq dövlətin üzərinə qoyur. Lakin konkret halda dövlətin üzərinə Fətullayevin dərhal həbsdən azad edilməsini qoyması, qeyd edildiyi kimi, Avropa Məhkəməsinin presedent hüququna ziddir və onun Konvensiya ilə təsbit edilmiş belə bir səlahiyyəti yoxdur", - Ali Məhkəmənin hakimi deyib.
Seyfəliyev bildirib ki, Azərbaycanın Cinayət-Prosessual Məcəlləsinin (CPM) 455-ci maddəsində məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə əsaslar nəzərdə tutulub. Həmin Məcəllənin 455.2-ci maddəsinin tələblərindən göründüyü kimi, bu əsaslardan biri də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları ilə Azərbaycan məhkəmələri tərəfindən cinayət işləri, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham üzrə icraat zamanı insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müddəalarının pozulmasının müəyyən edilməsidir. CPM-nin 456 və 457-ci maddələrində isə hüquq və azadlıqların pozulması üzrə məhkəmə aktlarına baxılması qaydaları müəyyən edilib.
"Avropa Məhkəməsi Fətullayevin şikayəti üzrə qəbul etdiyi qərarda Konvensiyanın 6 və 10-cu maddələrində nəzərdə tutulmuş hüquqların pozulmasını qeyd edib, ərizəçinin Konvensiyada təsbit edilmiş digər hüquqların, o cümlədən, azadlıq və toxunulmazlıq, habelə qanunsuz cəzalandırılmamaq hüququnun pozulması nəticəsinə gəlməyib. Bu baxımdan, Avropa Məhkəməsinin Eynulla Fətullayevin dərhal həbsdən azad olunması tələbi nəinki məhkəmənin öz təcrübəsinə, həmçinin, Konvensiyanın müddəalarına ziddir", - Seyfəliyev deyib.
Hakimin sözlərinə görə, Avropa Məhkəməsi Fətullayev barəsində belə bir qərar qəbul edərkən, Azərbaycan milli qanunvericiliyində təsbit edilmiş tələbləri kifayət qədər öyrənməyib və nəzərə almayıb.
"Belə ki, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraatı tənzimləyən qanunvericiliyin müddəalarında azadlıqdan məhrum olunmuş şəxsin bu və ya digər hüququnun pozulduğu halda, həm təyin olunmuş cəzadan azad edilməsi əsasları, həm də mexanizmi, ümumiyyətlə, nəzərdə tutulmayıb. Hüquqların bərpası üçün həyata keçirilməsi zəruri olan tədbirlərin seçilməsi isə ümumilikdə dövlətin vəzifəsidir və dövlət bu vəzifəni öz milli qanunvericiliyinə uyğun olaraq həyata keçirir. Bu baxımdan hesab edirik ki, Avropa Məhkəməsi hər hansı dövlətə və ya onun məhkəmələrinə pozulmuş hüquqların bərpasına yönəldilmiş tədbirlərlə bağlı seçim qoymamaqla bu və ya digər göstəriş vermək səlahiyyətində deyil; onun belə səlahiyyətləri həyata keçirməsi isə məhkəmənin faktik olaraq dördüncü instansiya məhkəməsi qismində fəaliyyət göstərməsi kimi qiymətləndirilməlidir.
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının, müvafiq beynəlxalq hüquqi aktların və Avropa məkanına aid milli qanunvericilik aktlarının tələbinə və tövsiyələrinə görə qəbul edilmiş hər hansı bir qərar və ya akt beynəlxalq və ya milli qanunlara uyğun olmalıdır və bu tələb Fətullayevin ərizəsi üzrə çıxarılmış qərara münasibətdə istisna deyil", - Ali Məhkəmənin hakimi vurğulayıb.
O qeyd edib ki, Avropa Məhkəməsinin qərarı müvafiq prosedurlar çərçivəsində baxıldıqdan sonra, yalnız ölkəmizin daxili qanunvericiliyinə uyğun olaraq icra edilə bilər.