Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir M. Əliyev/
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyev Almaniyada səfərdədir, - bu barədə Trend-ə SAM-dan bildiriblər. Aprelin 29-da SAM-ın direktoru Berlində SAM və Almaniya Xarici Əlaqələr Şurasının birgə təşkilatçılığı ilə "Cənubi Qafqazın yeni geosiyasəti: Azərbaycandan baxış" mövzusunda keçiriləcək konfransda çıxış edəcək.
Tədbirdə Almaniya Parlament üzvlərinin, nüfuzlu siyasətşünasların, iqtisadçıların və bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin də iştirakı gözlənilir. Səfər çərçivəsində Nuriyev Almaniyanın beyin mərkəzlərinin rəhbərləri ilə görüşərək, onlarla iki ölkənin analitik institutlarının elmi-tədqiqat sahəsində əməkdaşlığına aid regional əhəmiyyətli layihələri müzakirə edəcək.
Görüşlərdə, həmçinin, Azərbaycanın daxili və xarici siyasəti, Azərbaycan - Avropa, əsasən də, Azərbaycan - Almaniya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılacaq.