RED.: 3-cü abzasdan sonra əlavə olunub.
Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda bu il 11-ci sinfi bitirən 92 002 şagirddən 88 815-i (96,54%) buraxılış imtahanında iştirak edib. Həmin şagirdlərin 74 832-si müvəffəq qiymət alıb, - Trend-in məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib.
"Builki göstərici ötənilkindən, təqribən, 10% yüksəkdir. Bakıda Təhsil Nazirliyinə tabe olan və ali təhsil müəssisələri nəzdindəki məktəblər üzrə imtahanda 23 222 nəfər 11-ci sinif şagirdindən 23 037 nəfər (99,20%) iştirak edib. Onlardan 21 441-i müvəffəq qiymət alıb", - nazir deyib.
Mərdanovun sözlərinə görə, Gəncə, Mingəçevir, Sumqayıt şəhərləri üzrə imtahanlarda 8 168 şagirdin iştirakı nəzərdə tutulsa da, onlardan 8 048-i bu imtahanlara qatılıb, 7 420 şagird müvəffəq qiymət alıb.
Nazir bildirib ki, 51 nəfər olimpiada qalibi və səhhəti ilə əlaqədar 520 şagird sağlamlığına görə builki buraxılış imtahanlarından azad olunub. Fəlakət zonasında isə 300 şagird imtahandan azad olunub.
Nazir deyib ki, Azərbaycanda buraxılış imtahanlarında ən yaxşı nəticələri Sumqayıt - 95,48% , Baki - 92.74% göstərib.
Mərdanovun sözlərinə görə, hökumət tərəfindən Azərbaycanda icbari təhsil 9 il müəyyənləşdirildiyindən, orta məktəblərin 9-cu sinfini bitirən şagirdlər arasında seçim aparılacaq.
Nazir gələcəkdə bir sıra yeniliklərin də olacağını deyib.
Belə ki, uşaqların orientasiyası üzrə məktəblər formalaşdırılacaq.