...

Azərbaycan Konstitusiya Məhkəməsi ölkədə demokratiyanın və hüququn inkişafına layiqli töhfələrini verməkdə davam edəcək - sədr Fərhad Abdullayev

Cəmiyyət Materials 13 İyul 2010 16:30 (UTC +04:00)
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətləri çərçivəsində ölkəmizdə demokratiyanın və hüququn inkişafına bundan sonra da layiqli töhfələrini verməkdə davam edəcək.
Azərbaycan Konstitusiya Məhkəməsi ölkədə demokratiyanın və hüququn inkişafına layiqli töhfələrini verməkdə davam edəcək - sədr Fərhad Abdullayev

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətləri çərçivəsində ölkəmizdə demokratiyanın və hüququn inkişafına bundan sonra da layiqli töhfələrini verməkdə davam edəcək. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyinə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin qanuna verdiyi rəsmi şərhlə həmin qanunun əvvəlki qeyri-konstitusion mənada tətbiqi imkanı aradan qalxır. Beləliklə də normanın tətbiqi qaydası dəqiqləşdirilməklə onun məhdudlaşdırıcı və ya genişləndirici formada olan qeyri-konstitusion tətbiqi təcrübəsi dəyişdirilmiş olur.

"Şərhlə bağlı daim diqqətdə saxladığımız mühüm məqam ondan ibarətdir ki, məhkəmə özünün bu səlahiyyətini qanunvericinin səlahiyyətlərinə müdaxilə etmədən Konstitusiyanın aliliyinin təmin edilməsi naminə Konstitusiyanın hərfinə və ruhuna uyğun şəkildə həyata keçirməlidir", - o bildirib.

Abdullayev qeyd edib ki, qəbul edilmiş qərarlar arasında Konstitusiyanın və qanunların şərhinə dair çıxarılmış olanlar da xüsusi çəkiyə malikdir - qəbul edilmiş 181 qərardan 56-sı ayrı-ayrı qanunların, 2-si isə Konstitusiyanın müxtəlif müddəalarının şərh edilməsinə dair olub.

"Konstitusiya Məhkəməsi normativ-hüquqi aktın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya və ya qanunvericilik iyerarxiyasında özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyən etdikdə onu qüvvədən düşmüş elan edir. Həmin normativ-hüquqi aktın müvafiq müddəası öz hüquqi qüvvəsini itirir və Azərbaycan Respublikasının ərazisində tətbiq edilə bilməz. Yəni Konstitusiya ilə uyğunsuzluq təşkil etdiyinə görə qüvvədən salınmış normalar qanunvericilik sistemindən kənarlaşdırılmış olur. Bununla da, bəzi müəlliflərin haqlı olaraq qeyd etdiyi kimi, Konstitusiya Məhkəməsi faktiki olaraq "neqativ qanunverici" funksiyasını həyata keçirmiş olur", - sədr bildirib.

O bildirib ki, Konstitusiya Məhkəməsinin təcrübəsi göstərir ki, onun qəbul etdiyi qərarların içərisində normativ-hüquqi aktların Konstitusiyaya uyğunluğuna dair çıxarılanlar kifayət qədər çoxdur. Belə ki, 181 qərardan 25-i ayrı-ayrı qanunların müvafiq müddəalarının Konstitusiyaya uyğunluğunun, 1-i isə Nazirlər Kabinetinin qərarının qanuna uyğunluğunun yoxlanılmasına aid olub.

On iki il əvvəl - 1998-ci il iyul ayının 14-də Azərbaycan Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimləri təyin edilib, iyul ayının 18-də Azərbaycan Prezidenti Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədi ilə imzaladığı fərmanla bu orqan rəsmi fəaliyyətə başlayıb.

Xəbər lenti

Xəbər lenti