...

Azərbaycanda yol polisi tərəfindən sürücünün təqib edilməsi həyati riskdir - ekspertlər

Cəmiyyət Materials 20 İyul 2010 13:17 (UTC +04:00)
Sabiq polis rəisi, ekspert Mahmud Hacıyev çərşənbə axşamı Trend-ə bildirib ki, avtomobilin yol polisi tərəfindən təqib olunması zamanı sürücünün və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə və qəza şəraiti yaranır.
Azərbaycanda yol polisi tərəfindən sürücünün təqib edilməsi həyati riskdir - ekspertlər

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ekspertlər hesab edir ki, yol polisinin, istisna hallarda, şəhər daxilində sürücünü təqib etməsi yolverilməzdir.

"Azərbaycanda istər "Polis haqqında" Qanun, istərsə də polisin daxili təlimatları dövlət yol polisi əməkdaşına avtomobili təqib etmək ixtiyarını vermir. Avtomobilin yol polisi tərəfindən təqib olunması zamanı sürücünün və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə və qəza şəraiti yaranır", - bunu çərşənbə axşamı Trend-ə sabiq polis rəisi, ekspert Mahmud Hacıyev bildirib.

Hacıyev deyir ki, yol hərəkəti pozuntusu törətmiş sürücü polisə tabe olmursa, avtomobilin markası, dövlət nömrə nişanı və onun sahibi barədə məlumatlar götürülür və sürücü sonradan polisə dəvət edilməli və müvafiq qaydada cəzalandırılmalıdır.

"Bir neçə il bundan əvvəl Bakıda "Karamel" fabrikinin yanında yol polisinin avtomobili təqib etməsi zamanı ağır yol qəzası baş vermiş və nəticədə, iki nəfər gənc həlak olmuşdu. İstintaq zamanı da yol qəzasının məhz yol polisinin təqibi səbəbindən baş verdiyi sübut olunmuşdu", - ekspert vurğulayıb.

Hacıyev bildirib ki, istisna hallarda yol polisinə avtomobili təqib etmək səlahiyyəti verilib.

"Əgər polisdə avtomobildə silah, narkotik daşınması, axtarışda olan və ya cinayətkar şəxsin olması barədə dəqiq məlumat varsa, avtomobili təqib edə bilər. Təqibin də nəticəsi olmalıdır", - ekspert vurğulayıb.

Sabiq polis rəisi deyir ki, bu istisnalar yol polisi əməkdaşının sui-istifadə hallarına yol verməsinə hüquq verməməlidir.

Ekspert belə qanunsuz hallara yol vermiş polis əməkdaşlarının cəzalandırılmasını və ictimaiyyətə açıqlanmasını vacib sayır.

Hacıyev hesab edir ki, bu məlumatlar ictimaiyyətə açıqlanarsa, avtomobillərin əsassız təqib olunması və bu zaman baş verən yol qəzalarının sayı da minimuma enər.

Şəhər daxilində avtomobilin təqib olunmasına icazə verilməməsi barədə göstərişin olduğunu diqqətə çatdıran psixoloq Azad İsazadə deyir ki, qayda pozuntusu barədə radiocihaz vasitəsilə qarşıdakı yol polisi əməkdaşlarına məlumat verməklə belə sürücüləri zərərsizləşdirmək mümkündür.

Problemin psixoloji tərəflərinə toxunan ekspert bildirib ki, tabeolmama daha çox gənc və yeniyetmələrə xasdır.

"Polisdən qaçan, onun əmrinə tabe olmayanlar daha çox gənclərdir. Onlar riskli hərəkətlər etməyi sevirlər. Gənclər ekstremal şəraiti xoşlayır, təbiətcə dikbaş olurlar. Polis onları təqib edəndə, polisdən qaçmaqla daha çox həzz alırlar. Sonra isə bu "qəhrəmanlıqları" ilə yoldaşlarının yanlarında öyünürlər", - psixoloq vurğulayıb.

İsazadə bu psixoloji amilin nəzərə alınmasını vacib sayır və hesab edir ki, belə sürücüləri təqib etmədən digər vasitələrlə  zərərsizləşdirmək mümkündür.

"Hesab edirəm, şəhər daxilində avtomobillərin təqib olunması (istisna hallardan başqa) yolverilməzdir və bu, qəza şəraiti yaradır. Ola bilsin, həmin avtomobil heç qəza törətməsin, amma yol polisinin avtomobili təqib etməsi sonda qəza ilə nəticələnər və digərləri üçün də təhlükə yarada bilər", - psixoloq vurğulayıb.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, qanun yol polisi əməkdaşına avtomobili təqib etmək ixtiyarını verib.

Şöbə rəisi bildirib ki, "Yol hərəkəti haqqında" Qanuna edilən son əlavə və dəyişikliklərə görə, yol polisi əməkdaşı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə və ya xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radiocihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda, avtomobili idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir.

Həmçinin, nəqliyyat vasitəsi axtarışda olduqda, nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda da sürücüdən belə bir tələb oluna bilər.

Əliyev deyir ki, qanunun tələbinə görə, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radiocihaz vasitəsilə məlumat verilməklə təqib oluna bilər.

"Həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə oluna bilər",- deyə şöbə rəisi vurğulayıb.

Əliyev deyir ki, nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə tələb edilməlidir.

Əliyev deyir ki, nəqliyyat vasitəsinin dayandırılması tələbi sürücü tərəfindən yerinə yetirilmədikdə radiocihaz vasitəsilə digər yol polisi əməkdaşlarına məlumat verilir və məlum olur ki, qeydiyyat nişanı həmin avtomobilə məxsus deyil.

"Avtomobili idarə edən şəxs digər avtomobilə məxsus qeydiyyat nişanından istifadə edir və polisə tabe olmur. Yol polisi əməkdaşı görür ki, həmin avtomobili idarə edən şəxs digər hərəkət iştirakçıları üçün təhlükə yaradır. Bu halda təhlükəsizlik tədbirləri həyata keçirilməklə avtomobil təqib olunmalıdır", - Əliyev deyir.

BDYPİ rəsmisi əsassız yerə avtomobilin təqib olunması fikirləri ilə razı deyil.

O bildirib ki, adi qayda pozuntusuna görə, avtomobilin təqibinə ehtiyac yoxdur və belə hallar mövcud deyil.

"Nəqliyyat vasitəsinin dayandırılması tələbi sürücü tərəfindən yerinə yetirilmədikdə, pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və digər mühüm əlamətləri göstərilməklə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşlarına radiocihaz vasitəsilə məlumat verilir və bundan sonra yazılı formada müvafiq raport tərtib edilir", - BDYPİ rəsmisi bildirib.

Əliyevin sözlərinə görə, yol hərəkəti qaydasının pozulması ilə real təhlükə yarandığı halda, avtomobil təqib olunmalıdır və həmin nəqliyyat vasitəsinin saxlanması üçün bütün məcburi vasitələrdən istifadə edilməlidir.

"Bu məqsədlə qarşıdakı küçə də bağlana bilər. Həmin avtomobili idarə edən şəxs sərxoş, narkotik vasitənin təsiri altında ola bilər. Bu isə real təhlükə mənbəyidir", - BDYPİ rəsmisi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti