Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Təhsil Nazirliyi 2, 6 və 8 sentyabr tarixlərində buraxılış imtahanında iştirakına icazə verilməmiş, həmçinin, müəyyən səbəblərdən imtahanlara gəlməmiş şagirdlər üçün payız buraxılış imtahanları keçirəcək. Bu barədə idarənin məlumatında deyilir.
Plana uyğun olaraq, payız buraxılış imtahanları üç bölgə üzrə sentyabrın 2-də, 6-da və 8-də keçiriləcək. Sentyabrın 2-də Şirvan şəhəri, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Sabirabad, Saatlı, Zərdab, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının, sentyabrın 6-da Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Ağdaş, Ağsu, Göyçay, Goranboy, Göy göl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Şəki, Balakən, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Şamaxı, Zaqatala və Qobustan rayonlarının, sentyabrın 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun şagirdləri payız imtahanları verəcəklər.