...

Heydər Əliyev Fondunun Ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KIV-lərində böyük əks-səda doğurub

Cəmiyyət Materials 4 Sentyabr 2010 23:26 (UTC +04:00)
Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbin Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək istifadəyə verilməsi Rusiya KİV-lərində geniş işıqlandırılmışdır. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Heydər Əliyev Fondunun Ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KIV-lərində böyük əks-səda doğurub

Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbin Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək istifadəyə verilməsi Rusiya KİV-lərində geniş işıqlandırılmışdır. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər.
Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir.
"Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən, kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar".
Ulyanovsk vilayətinin qubernatoru Sergey Moroz demişdir: "Vilayətimiz Azərbaycanla çoxdan və səmərəli əməkdaşlıq edir. Vilayətin sakinləri 2009-cu ildə Volqa üzərində körpünün birinci növbəsinin açılışında Rusiya Prezidenti Dmitri Medvedevlə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyini yaxşı xatırlayırlar. Biz bilirik ki, körpünün tikintisi barədə qərar hələ ötən əsrin 80-ci illərinin əvvəllərində o zaman SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləmiş Heydər Əliyev tərəfindən qəbul edilmişdi".
Qəzet yazır: "Bu gün Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan digər sosial layihələr də Ulyanovsk və Bakı arasında özünəməxsus körpüyə çevrilmişdir. Vilayət mərkəzində görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsi ucaldılmış, bazar günü məktəbi açılmışdır. Yerli Azərbaycan icması Ulyanovsk vilayətində bir neçə uşaq evinə himayədarlıq edir".
Rusiyanın "Tribuna" qəzetində isə "Mənəvi əlaqə" adlı məqalə yer almışdır.
Məqalədə deyilir: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı Ulyanovsku və Bakını möhkəm mənəvi qardaşlıq telləri ilə bir-birinə bağlayır. Hələ sovet dönəmində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev dəfələrlə Volqa üzərindəki şəhərə gəlmişdir. 1983-cü ildə o, "Aleksandr Suvorov" teploxodunun qəzaya uğraması ilə əlaqədar yaradılmış hökumət komissiyasına başçılıq etmişdir. Ulyanovskda Heydər Əliyevin ən qısa müddətdə bu faciə ilə bağlı problemlərin həll olunması üçün bütün zəruri tədbirləri görməsini yaxşı xatırlayırlar".
Rusiya qəzeti daha sonra yazır: "2008-ci ildə Rusiya Prezidenti Dmitri Medvedev və Azərbaycan Prezidenti İlham Əliyev şəhərdə Heydər Əliyevin abidəsinin açılışında iştirak etmişlər. Abidə Azərbaycan xalqının liderinin adını daşıyan bağçanın yaraşığıdır. 2010-cu il sentyabrın 1-də Bakı ilə Ulyanovsk arasında mənəvi əlaqə daha da möhkəmlənmişdir. Bu dəfə də XX əsrin görkəmli siyasi xadimi Heydər Əliyevin adını daşıyan Fondun köməyi ilə. 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondu təhsilin inkişafı proqramı çərçivəsində artıq dünyanın müxtəlif guşələrində məktəblər açmaqla Azərbaycan, Rumıniya, Misir, Niderland, Pakistan, Rusiya və digər ölkələrdə 100 mindən çox uşaq üçün təhsil almaq imkanı yaratmışdır. Həqiqətən böyük göstəricidir. Fonda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir. Prezidentin xanımı Milli Məclisin deputatı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Gimnastika Federasiyanın prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiridir. İşinin çox olmasına baxmayaraq, Heydər Əliyev Fondunun himayədarlıq etdiyi təhsil ocaqlarına şəxsən nəzarət edir. Ulyanovskdakı 78 nömrəli məktəbdə təmirdən əvvəl də bir neçə muzey - diyarşünaslıq muzeyi, təhsil muzeyi, Azərbaycan mədəniyyəti və tarixi muzeyi fəaliyyət göstərirdi. İndi yenilənmiş məktəb Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Bu münasibətlərin qurulmasında Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevə yaxından iştirak edirlər".

Xəbər lenti

Xəbər lenti