...

Azərbaycanda jurnalistlərə evlərin verilməsinə dair sənədlərin qəbulu tikinti layihəsinə start verildikdən sonra başlanılacaq (FOTO)

Cəmiyyət Materials 6 Sentyabr 2010 17:23 (UTC +04:00)
Azərbaycanda jurnalistlərə veriləcək evlərin tikintisi üçün yer müəyyən olunub.
Azərbaycanda jurnalistlərə evlərin verilməsinə dair sənədlərin qəbulu tikinti layihəsinə start verildikdən sonra başlanılacaq (FOTO)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda jurnalistlərə veriləcək evlərin tikintisi üçün yer müəyyən olunub. Trend-in verdiyi məlumata görə, bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında Kütləvi İnformasiya Vasitələrin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli bildirib.

"Evlərin tikilməsi üçün Bayıl qəsəbəsində 50 sot torpaq sahəsi ayrılıb. Orada 3 ədəd 16 mərtəbəli binanın tikilməsi mümkündür. Jurnalistlərə evlərin verilməsi məsələsi ilə bağlı sənədlərin qəbulu tikinti layihəsinə start verildikdən sonra həyata keçiriləcək", - Səfərli əlavə edib.

Səfərlinin sözlərinə görə, evlərin jurnalistlərə verilməsi ilə bağlı kriteriyalar hələ müəyyənləşməyib. Bu barədə müzakirələr olmayıb.

"Evlərin tikintisinə başlananda hansı sənədlərin tələb olunması barədə elan verəcəyik və sənədlər fondda qəbul olunacaq", - Səfərli deyib.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5,0 (beş) milyon manat vəsait ayrılması qeyd olunur.

Xəbər lenti

Xəbər lenti