Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Mətbuat Şurasında Türkiyənin media təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə çərşənbə günü Şuranın mətbuat xidməti məlumat yayıb.
Nümayəndə heyətinin tərkibinə Türkiyə Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya İdarəsinin baş direktoru Murat Karakaya, qurumun təmsilçiləri Bahəddin Akyön, Abdullah Uzun, İsmayıl Kozan, həmçinin TRT telekanalının təmsilçiləri, Türkiyənin nüfuzlu ali məktəblərinin jurnalistika fakültələrinin mütəxəssisləri daxildir.
MŞ sədri Əflatun Amaşov qonaqları salamlayıb və Türkiyə-Azərbaycan mediası arasındakı əlaqələrin tarixindən söhbət açıb. "Azərbaycan ictimai fikri həmişə ümumtürk ictimai fikrindən qidalanıb. Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Ziya Göyalp kimi müştərək dühalarımız var", - o əlavə edib.
Türkiyə mediasının Qərb mediasının mühüm tərkib hissəsi olduğunu deyən Şura sədri onun təcrübəsinin öyrənilməsinin və tətbiqinin zəruri olduğunu önə çəkib və qeyd edib ki, müxtəlif illərdə Şuranın təşəbbüsü və Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə hər iki ölkənin media təmsilçilərinin iştirak etdikləri konfrans və seminarlar keçirilib.
Hər iki ölkənin media sahəsindəki əlaqələrinin dərinləşməsində, səmərəli əməkdaşlığın qorunmasındakı xidmətlərinə görə Murat Karakaya Azərbaycan Mətbuat Şurasının xüsusi diplomu ilə təltif edlib.
Öz növbəsində Karakaya MŞ sədrinə təşəkkür edib və Azərbaycana hər bir səfərin böyük əhəmiyyət daşıdığını bildirib. Qarşılıqlı əlaqələrin mövcud durumuna toxunan Karakaya təmsil olunduğu qurumun təcrübəsinin Azərbaycan mediasında daha yaxından tətbiqi üçün zəruri tədbirlərə dəstək göstəriləcəyini vurğulayıb.
Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif aspektlərinə dair fikir mübadilələri aparılıb.