...

Azərbaycanda olan əməkçi miqrantlar daha çox tikinti və neft sektorunda çalışırlar

Cəmiyyət Materials 18 Dekabr 2010 09:30 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev cümə günü Trend-ə bildirib ki, hazırda ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün 8 800 əcnəbi və vətəndaşlığı olmayan şəxsə icazə verilib.
Azərbaycanda olan əməkçi miqrantlar daha çox tikinti və neft sektorunda çalışırlar

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda olan əməkçi miqrantlar daha çox tikinti və neft sektorunda çalışırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev cümə günü Trend-ə bildirib ki, hazırda ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün 8 800 əcnəbi və vətəndaşlığı olmayan şəxsə icazə verilib.

Onun sözlərinə görə, əməkçi miqrantların çalışdığı sahələr arasında turizm, emal sənayesi, mehmanxana, təhsil və digər sahələr də var.

İdarə rəisi bildirib ki, ölkəmizdə fərdi icazə ilə çalışan əcnəbilərin əksəriyyəti - 5 min nəfərə yaxını Türkiyə, 1500-dən çoxu isə Böyük Britaniya vətəndaşlarıdır. Bu sırada Çin, Hindistan, Gürcüstan, İran, Rusiya və digər ölkələrin də vətəndaşları var.

Tağıyev deyib ki, bu il üçün əmək miqrasiyası kvotası 10 700, gələn il üçün sə 9 815 nəfər müəyyən edilib.

İdarə rəsmisi bildirib ki, əmək miqrasiyası kvotası əmək bazarının vəziyyəti, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin peşə-ixtisas tərkibi, yeni yaradılan iş yerlərinin sayı və digər amillər nəzərə alınmaqla müəyyən olunur.

"Ölkədə həyata keçirilən yeni infrastruktur layihələri tikinti, rabitə və informasiya texnologiyaları, neft istehsalı və emalı sahələrinə aid olduğundan, əsas ehtiyac da bu sahədəki ixtisaslaradır", - Tağıyev vurğulayıb.

Dövlət Miqrasiya Xidmətinin verdiyi məlumata görə, hazırda ölkədəki miqrantların sayı 400 mindən çoxdur.

18 Dekabr Beynəlxalq Miqrant Günüdür. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 18 dekabr 1990-cı ildə qəbul etdiyi "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında" Konvensiyanın qəbul edilmə tarixi 4 dekabr 2000-ci ildə Baş Assambleya tərəfindən Beynəlxalq Miqrant Günü elan edilib. Həmin vaxtdan etibarən 18 dekabr Beynəlxalq Miqrant Günü kimi qeyd edilir. Bu Konvensiya Azərbaycan Respublikasının Milli Məclisinin 11 dekabr 1998-ci il tarixli qanunu ilə ratifikasiya olunub.

Xəbər lenti

Xəbər lenti