...

Azərbaycanlı deputat İsgəndəriyyə kitabxanasında olub

Cəmiyyət Materials 20 Dekabr 2010 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Azərbaycanlı millət vəkili Qənirə Paşayeva Misirin İsgəndəriyyə kitabxanasında olub.

Trend-in məlumatına görə, millət vəkili kitabxanaya Azərbaycanla bağlı, onun tarixi və mədəniyyətini, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törədilən vandalizm aktlarını özündə əks etdirən kitablar, sənədli filmlər, videomateriallar təqdim edib.

Misir senatoru, İsgəndəriyyə kitabxanasının direktoru doktor İsmayıl Siragəldi bir müddət əvvəl Azərbaycana səfəri çərçivəsində millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Tovuz rayonunda da səfərdə olub və belə bir fikirlə çıxış edib ki, Azərbaycan həqiqətlərinin Misir və ərəb dünyası toplumuna daha geniş çatdırılması istiqamətində o da əlindən gələni edəcək.

O, ölkəsində ən reytinli verilişlərdən sayılan proqramında Azərbaycan həqiqətlərinin daha geniş çatdırılması istiqamətində Azərbaycan həqiqətləri ilə bağlı videomateriallara ehtiyac olduğunu bildirmişdi.

Millət vəkili Qənirə Paşayeva isə bu istiqamətdə lazım olan dəstəyi göstərməyə hazır olduqlarını demişdi.

Millət vəkili bildirib ki, bundan sonra da lazım olan materialların təqdim olunması üçün əlindən gələni edəcək. Hər gün minlərlə insanın İsgəndəriyyə kitabxanasından istifadə etdiyini vurğulayan kitabxana rəhbərliyi Azərbaycanla bağlı materiallarla dünya ictimaiyyətinin daha geniş tanış ola bilməsi üçün Azərbaycan kitabxanaları ilə də əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Paşayeva Misirin Qahirə şəhərində bu ölkənin Əlyazmalar arxivinin direktoru, professor Abdunasir Hasan Mohammed ilə görüşüb.

Millət vəkilinə Misirin Əlyazmalar arxivi haqqında ətraflı məlumat verilib və bildirilib ki, burada saxlanılan qiymətli sənədlər arasında Azərbaycan tarixi və mədəniyyəti üçün önəmli sayılacaq məlumatları özündə əks etdirən çoxlu sənədlər də var.

Millət vəkili Paşayevanın iki ölkənin bu sahədə qurumları arasında əməkdaşlığın yaradılması və genişlənməsi ilə bağlı fikirlərini müsbət qarşılayan Abdunasir Hasan Mohammed Azərbaycanla əməkdaşlığa hazır olduğunu deyib.

Millət vəkili Qənirə Paşayevanın Azərbaycana dəvətini böyük məmuniyyətlə qəbul edən Misir Əlyazmalar arxivinin direktoru Azərbaycanı görməkdən şad olacağını deyib.

Görüş zamanı Paşayeva Hasan Mohammedə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini bu gün də işğal altında saxlamaqda davam etməsi, 15 ildən artıqdır ki, 1 milyon azərbaycanlının öz yurd-yuvasına qayıda bilməməsi, Xocalı soyqırımı da daxil olmaqla ermənilərin müxtəlif dövrlərdə Azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı bugünkü vəziyyət, Ermənistanın münaqişənin tənzimlənməsi, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində heç bir addım atmaması və bölgədə vəziyyəti daha da gərginləşdirməsi ilə bağlı ətraflı məlumat verib.

Abdunasir Misir xalqının bu münaqişədə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bildirib.

Millət vəkili isə qeyd edib ki, beynəlxalq ictimaiyyətin Ermənistanın işğalçılıq siyasətinə qarşı özünün sərt mövqeyini ortaya qoyması çox vacibdir. Misirin müasir tarix üzrə mütəxəssisi olan professor Mohammed Sabri Eldalın da iştirak etdiyi görüşdə millət vəkili Misirin Əlyazmalar arxivinin direktoru Abdunasir Hasan Mohammedə və Arxivə Azərbaycanla bağlı xatirə hədiyyəsi və Azərbaycan həqiqətlərini və mədəniyyətini özündə əks etdirən kitablar, sənədli filmlər, materiallar hədiyyə edib.

Xəbər lenti

Xəbər lenti