...

Azərbaycanda vəkilliyin problemləri müzakirə olunub

Cəmiyyət Materials 23 Fevral 2011 17:32 (UTC +04:00)
Azərbaycanda vəkilliyə prokurorluq və digər qurumlar tərəfindən təzyiq olduğunu deyən "dəyirmi masa" iştirakçıları vəkillik institutunun inkişafı üçün ciddi islahatların aparılması zəruriliyini vurğulayıblar.
Azərbaycanda vəkilliyin problemləri müzakirə olunub

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda vəkilliyin problemləri ilə bağlı bir qrup vəkilin iştirakı ilə "dəyirmi masa" keçirilib.

Azərbaycanda vəkilliyə prokurorluq və digər qurumlar tərəfindən təzyiq olduğunu deyən "dəyirmi masa" iştirakçıları vəkillik institutunun inkişafı üçün ciddi islahatların aparılması zəruriliyini vurğulayıblar.

Vəkillər Kollegiyasının (VK) ümumi yığıncağının son dəfə 2004-cü ildə keçirildiyini deyən vəkil Adil İsmayılov bildirib ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna görə, ümumi yığıncaq üç ildə bir dəfədən az olmayaraq çağırılmalıdır.

İndiyədək ümumi yığıncağın çağırılmadığını deyən vəkil VK-nin Rəyasət Heyətinin qanunsuz fəaliyyət göstərdiyini bildirib.

Vəkil Əsabalı Mustafayev problemin qanunvericiliklə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, vəkillik fəaliyyətini nizama salan mövcud qanunvericilik vəkili VK-nin üzvlüyündən çıxarmağa imkan verir.

Bu səbəbdən də o, mükəmməl qanunun hazırlanıb qəbul edilməsini problemin həlli yollarından biri kimi qeyd edib.

Vəkil Vüqar Xasayev isə vəkillik institutunun qarşılaşdığı problemlərin vəkillərin özü ilə bağlı olduğunu deyib.

Onun sözlərinə görə, vəkillər müdafiə institutunun qarşılaşdığı problemlərin qabardılması və həlli istiqamətində həmrəylik nümayiş etdirmirlər.

Vəkil Akif Əlizadə VK-nin üzvləri arasında əvvəllər polis və prokuror işləyənlərin, 800-dən artıq vəkilin çox az qisminin vəkillik institutunun peşəkar bir qurum kimi fəaliyyət göstərməsində maraqlı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, indiyədək vəkillər peşəkarlığının artırılması üçün heç bir təkmilləşdirilmə kurslarına göndərilməyib, müvafiq ədəbiyyatlarla təmin olunmayıblar.

Əlizadə prokurorluğun təqdimatı ilə vəkillərin Kollegiyadan çıxarılmasının qarşısının alınması üçün mexanizm hazırlanmasını zəruri sayıb.

Vəkil Vidadi Mirkamal isə vəkillik institutunun peşəkarlığının artırılması üçün alternativ vəkillər kollegiyasının yaradılmasını, yaxud da mövcud Vəkillər Kollegiyasında islahatlar aparılmasını təklif edib.

Vəkil Adil İsmayılov bu sahədəki problemlərin qanunvericiliyə dəyişiklik etmək yolu ilə həllini çıxış yolu kimi görmür.

"Dəyirmi masa" iştirakçıları vəkillik institutunun təkmilləşdirilməsi, peşəkar quruma çevrilməsi üçün vəkillərin həmrəyliyini və bu problemin ictimailəşdirilməsini vacib sayıblar.

Vəkillər Kollegiyasından "dəyirmi masa"da qeyd olunan fikirlərə münasibət bildirmək istəməyiblər.

Tədbirin sonunda vəkilliyin problemlərinin həllinə kömək məqsədilə işçi qrup yaradılıb.

Xəbər lenti

Xəbər lenti