Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda intihar edənlərin əksəriyyəti kişilərdir. Bu barədə bazar ertəsi Trend-ə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru professor Şakir Musayev məlumat verib.
Onun sözlərinə görə, intihar edənlərin 60-70 faizini kişilər təşkil edir, 30-40 faizi isə qadınlardır.
Musayevin sözlərinə görə, intihar edən şəxslər icra üsuluna və alətinə görə özünü asma, yandırma, zəhərləmə, müxtəlif alətlərlə (odlu silah, iti, küt əşyalar) özünü öldürmə, hündürlükdən atma, suda boğma, eletrik cərəyanına vurma, nəqliyyat vasitələri (qatar, avtomobil və s.) altına atma və s. yollara əl atmaqla həyatlarına qəsd edirlər.
Bunlar arasında özünü asma birinci yerdə olmaqla, intihara şübhə edilən ölüm hallarında təxminən 60-65 faiz təşkil edir. İkinci yerdə olan özünü hündürlükdən atma isə 8,9 faiz təşkil edir.
Baş direktor qeyd edib ki, aparılan təhlillərə əsasən, intiharlara 15-25, 26-40 və 41-60 yaş hədlərində tez-tez rast gəlinir.
İntiharların səbəblərinə toxunan Musayev bildirib ki, intihar etməsinə şübhə olan şəxslərin meyitlərinin məhkəmə-tibbi ekseprtizasının nəticələrinin təhlili göstərir ki, buna səbəb intihar etmiş şəxslərin əksəriyyətində ruhi xəstəliklərin mövcudluğu, sağlamlıq durumunda olan digər problemlər, həyat və yaşayış tərzini bu və ya digər (fiziki, sosial, bioloji və sair inkişaf tərzi) səbəblərdən balanslaşdıra bilməməsi, ətrafında sürətlə, bəzən gözlənilmədən baş verən hadisələrə uyğunlaşmaması və mənəviyyata zidd adətlərə aludə (alkoqolizm, narkomaniya, toksikomaniya və s.) olmasıdır.
"2010-cu ildə ilkin olaraq istintaq araşdırmasında intihara şübhə doğuran və zorakı ölümün 13,2 faizini təşkil edən meyitlərin Birlik tərəfindən ekspertizası keçirilib. Bu ölümlərin intiharla bağlı olub-olmaması məsələsi meyitin müayinəsinə dair müvafiq ekspert rəyi alındıqdan sonra, yalnız istintaqın tam və hərtərəfli araşdırmasının növbəti mərhələlərində öz həllini tapıb. Bununla bağlı, məhkəmə-tibbi ekspertizasının nəticələrinin analizinə görə, intihar haqqında verilən statistik məlumatların mötəbərliyindən və etibarlığından söhbət gedə bilməz", - Musayev deyib.
Onun sözlərinə görə, intihara şübhə ilə bağlı aparılmış ekspertizaların sayı heç də əvvəlki illərdən kəskin fərqlənmir.
"Hətta sovet dönəmində intihara şübhə kimi müayinə olunan meyitlərin sayı ilə hazırkı dövrdəkilərin sayı (əhalinin sayına nisbətdə) arasında əhəmiyyətli fərq yoxdur. Son illərdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı nəticəsində bu səpkidən olan hadisələrlə bağlı məlumatların televiziya və digər kütləvi informasiya vasitərlərinin köməyi ilə əhaliyə tez çatdırılması imkanının olması və surətli informasiya yayılmasına olan marağın artması, bəzən səhv olaraq, cəmiyyətdə intihar halların çoxalması fikrinin formalaşmasına səbəb olur", - baş direktor qeyd edib.
Cəmiyyətdə öz həyatlarına qəsd edənlərə psixi xəstə, iradəsiz, zəif təxəyüllü, problemli, pis əməllərə aludə olmuş və s. insanlar kimi baxıldığını deyən Birlik rəhbəri təcrübəsində sağlamlığı, həyat tərzi, dünya görüşü, həyata baxışı dolğun, problemsiz, əxlaqlı, yüksək insani dəyərlərə malik, iradəli insanların özlərinə intihar etmə halları ilə rastlaşdığını qeyd edir.
Onun fikrincə, belə insanların intihar etməsinin qəflətən onların həyatlarında və ətrafında baş vermiş insani dəyərlərə zidd hadisələrlə öz həyat tərzini uzlaşdıra bilmədiyindən, keçirdiyi psixo-emosional vəziyyətin təsirindən baş verməsi cəmiyyətdə şübhə doğurmamalıdır.